Müstəqilliyin sərhədləri və qardaşlıq imtahanı: Azərbaycanın daxili qərarı, xarici təzyiq və unudulan tarix
Altı il əvvəl Türkiyədəki Azərbaycan səfirliyinin qarşısında qələbə sevincinə toplaşanlar bu gün eyni yerdə etiraz aksiyası keçirirlər. Kadrlar ağırdır. Amma daha ağır olan, bu mənzərənin arxasında dayanan məntiqdir: müstəqil dövlətin daxili qərarına “qardaş” adından müdaxilə etmək cəhdi və bunun sosial mediada, bəzi media platformalarında sistemli şəkildə qızışdırılması.
Sentyabrın 21-də Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət ümumtəhsil məktəblərində şagirdlərin geyim qaydalarına dəyişiklik etdi (309 saylı qərar). Qərara əsasən, müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir. Sənəddə “hicab”, “başörtüsü”, “yəhudi papağı” “xristian geyimi” və ya hər hansı konkret dini geyim adı çəkilmir. Bu, 2026-cı ilin iyulunda “Ümumi təhsil haqqında” qanuna “millilik və dünyəvilik” prinsiplərinin əlavə edilməsinin məntiqi davamıdır. Məktəb forması vahiddir, təhsil dünyəvidir – bu qədər. Pedaqoji şuralar icranı müəyyən edir, valideynlər isə övladlarının qaydalara əməl etməsinə cavabdehdirlər. Milli geyim elementləri yalnız tarix, mədəniyyət və milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə icazə verilə bilər.
Bu, Azərbaycan Respublikasının daxili məsələsidir. Müstəqil dövlətin təhsil siyasətini, geyim standartlarını və dünyəvilik anlayışını xaricdən müzakirəyə çıxarmaq, etiraz aksiyaları ilə “düzəltmək” cəhdi gülünc və təhlükəlidir. Avropadan, bizi belimizdən vurmaq istəyənlərdən belə müdaxilə gözləmək olardı. Amma “qardaş” adlandırdığımız ölkənin bəzi vətəndaşlarının, sosial media hesablarının və “media” platformalarının bu istiqamətdə aktivləşməsi gözlənilməz və təəssüfedicidir. Qərar “islam düşmənçiliyi” kimi təqdim olunur, halbuki sənəddə nə islam, nə hicaba qarşı bir kəlmə yoxdur. Məktəbin məktəb forması var. Bu qədər.
Son günlərdə türk mediasının bir qismi və sosial media hesabları məsələni qabardıb. İstanbuldakı Azərbaycan konsulluğu qarşısında Özgür-Der kimi qrupların çağırışı ilə etirazlar keçirilib, pankartlar asılıb, “hicab qadağası” şüarları səsləndirilib. Rəsmi media qurumlarının əksəriyyəti isə qərarı daha obyektiv – “laiklik vurğulu geyim tənzimləməsi” kimi təqdim edib. Amma kimə bağlı olduğu bilinməyən hesablar və platformalar məsələni qəsdən “islam düşmənçiliyi” kimi qələmə verir. Bu, sadə vətəndaş etirazı deyil. Bu, məqsədyönlü kampaniyadır. Artıq Azərbaycanda da narahatlıq artmağa başlayıb ki, bu geniş kompaniyanın arxasında Türkiyə hakimiyyətindən hansısa şəxs yaxud qrup dayanır.
Daha da irəli gedilib: Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı (2 oktyabr 2026) çıxışı kəsilib, təhrif edilərək yayılıb. Fransa və Azərbaycana düşmən mövqedə dayanan bir sıra Avropa dövlətlərinə yönəlmiş tənqidlər sanki Türkiyəyə ünvanlanmış kimi göstərilib. Bu, normal təfəkkürün məhsulu ola bilməz. Bu, iki qardaş dövlət arasındakı münasibətlərə qəsdən zərbə vurmaq üçün aparılan informasiya əməliyyatıdır. Kampaniyanı kim aparır – bilinmir. Bir daha qeyd edirik ki, kompaniyanı aparan Türkiyə hakimiyyətindən kimlərsə ola bilər. Amma sadə xalqın spontan reaksiyası olmadığı aydındır. Azərbaycan xalqı isə susur, qardaş xalqla münasibətləri pozmaq istəmir.
Etiraz videolarının altında isə minlərlə nifrət şərhi var. Ən çox rast gəlinən cümlə: “Bizim sayəmizdə Qarabağı aldınız.”
Necə yəni “sizin sayənizdə”? Türkiyə hər zaman mənəvi və siyasi dəstək verib, “bir millət, iki dövlət” prinsipini təsdiqləyib – bu danılmazdır. Amma Qarabağda döyüşən Azərbaycan ordusunun əsgərləri idi. Onların əlindəki silahlar dövlətimizin büdcəsindən alınmış silahlar idi. Azad olunmuş torpaqlarda aparılan sürətli bərpa və yenidənqurma işləri də Azərbaycanın öz qüdrəti hesabına həyata keçirilir. Bu reallığı unutdurmaq, qələbəmizə kölgə salmaq, şərik çıxmaq – ya nadanlıqdır, ya da qəsdən formalaşdırılmış yalandır.
Tarixə baxaq. Birinci Qarabağ müharibəsində, Kəlbəcərdə qar üstündə ayaqyalın qalan vətəndaşlarımız üçün verilməyən helikopterlər meşə yanğınlarında Türkiyəyə göndərildi. Zəlzələlərdə yüzlərlə ton ərzaq, geyim, tibbi yardım göndərilib, Türkiyədə məhəllələr salınıb. Bunları “unutmaq” olar. Amma daha yaxın tarixə baxaq: İsrail “erməni soyqırımı”nı tanımaq istəyəndə (2026-cı ildə kabinet səviyyəsində qərar qəbul edilib, Knessetə çıxarılmalı idi) heç bir dünya dövlətindən səs çıxmadı. Azərbaycan isə yaxın diplomatik əlaqələrinə baxmayaraq İsrail qarşısında mövqe qoydu, tanınmanın irəliləməsinin qarşısını aldı. Bu haqda dünya mediası yazdı. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmilər açıq şəkildə bildirdi ki, bu, Türkiyənin qırmızı xəttidir və Azərbaycan həmin xətti müdafiə edib. Bu, qardaşlıq nümunəsidir. Unudulurmu?
Azərbaycan bütün tarixi boyu tək qalıb – Boraltan körpüsündə, Birinci Qarabağda, bəzən beynəlxalq tribunada. Amma heç vaxt “qardaş”ın daxili işlərinə belə kobud müdaxilə etməyib. Bu gün isə bəzi dairələr iki qardaş xalqı bir-birinə qarşı qoymaq istəyir. Bu, yalnız bizi istəməyən mənfur dairələrin xislətinə xasdır. Rəsmi Ankara və Bakı səviyyəsində münasibətlər möhkəmdir, hərbi, siyasi, iqtisadi əlaqələr strateji səviyyədədir. Amma sosial media və bəzi “media” platformaları vasitəsilə aparılan kampaniya narahatlıq doğurur.
Türkiyə Xarici İşlər Nazirliyinə və Milli İstihbarat Təşkilatına səslənirik: bu məsələ Azərbaycanda ciddi narahatlıq yaradır. İki qardaş dövlətin qanı bir, canı bir xalqlarını bir-birinə qarşı qoymaq ancaq düşmənlərin işidir. Azərbaycan öz daxili siyasətini özü müəyyən edir. Dünyəvilik, təhsilin neytrallığı və məktəb formasının vahidliyi – bunlar müstəqil dövlətin suveren seçimidir. Kiminsə “qardaşlıq” adı altında bu seçimə müdaxilə etmək cəhdi qəbuledilməzdir.
Qardaşlıq qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa və tarixi borcları unutmamağa əsaslanır. Bu prinsip pozulursa, “bir millət, iki dövlət” şüarı boş sözə çevrilir. Azərbaycan xalqı qardaşlığa sadiqdir. Amma suverenliyini heç kimə güzəştə getməyəcək.
16:30 04.10.2026
Oxunuş sayı: 57