Rusiya XİN: Zelenski “terror müharibəsi” strategiyası seçib
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna Prezidenti Volodimir Zelenskini “terror müharibəsi” strategiyası seçməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Miroşnik “Telegram” kanalında yazıb ki, Zelenski gündəlik hərbi cinayətlərin törədilməsi ilə bağlı göstərişlər verir.
Diplomatın sözlərinə görə, avqustun 19-da Donetsk Xalq Respublikasının Qorlovka şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələrinin kütləvi PUA hücumuna məruz qalıb.
Miroşnik hücumların ictimai nəqliyyat vasitələrinə, xəstəxanaya və yaşayış evlərinə yönəldiyini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində altı mülki şəxs yaralanıb.
“Zelenskinin seçdiyi strategiya terror müharibəsidir və o, gündəlik hərbi cinayətlərin törədilməsi barədə göstərişlər verir”, – Miroşnik bildirib.
Rusiya rəsmisi həmçinin iddia edib ki, Kiyev hakimiyyəti Avropa ölkələrinin geniş silah tədarükünə və Qərb dövlətlərinin Ukraynanın törətdiyi hərbi cinayətlərə reaksiyasının olmamasına arxalanaraq cəbhəyanı ərazilərdə yaşayış məntəqələrinə hücumların sayını əhəmiyyətli dərəcədə artırıb.
Onun sözlərinə görə, bu hücumlarda mülki əhali və mülki obyektlər hədəfə alınır.
10:25 20.08.2026
Oxunuş sayı: 73