Ukrayna keçmiş müdafiə naziri Zelenskiyə meydan oxudu
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə idarəetmə sistemində böhran olduğunu bildirib və seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Fedorov özünün “YouTube” kanalında yayımladığı təxminən 10 dəqiqəlik videomüraciətdə ölkə rəhbərliyini tənqid edib.
O bildirib ki, mövcud sistem dəyişikliklərdən qorxur, qərarları ləng qəbul edir və özünü qorumağa çalışır.
Keçmiş nazir korrupsiyanın əsas problemin özü deyil, sistemdəki problemin əlaməti olduğunu deyib. O, Ali Radanın fəaliyyətinin şəxsi maraqlara əsaslanmamalı olduğunu qeyd edərək, parlament pul kisəsi deyil ifadəsini işlədib.
Fedorovun sözlərinə görə, ukraynalılar uzun müddətdir fərqli ölkə qurmağa hazırdırlar və bunun üçün seçkilərin keçirilməsi lazımdır.
Fedorov iyulun 14-də müdafiə naziri vəzifəsini itirib. Ukrayna Prezidenti Volodimir Zelenski onun istefasını Fedorovla Silahlı Qüvvələrin keçmiş baş komandanı Aleksandr Sırski arasında yaranan münaqişə ilə əlaqələndirmişdi. Lakin bəzi ukraynalı siyasətçilər və media qurumları bu addımın Fedorovun artan nüfuzunu zəiflətmək məqsədi daşıdığını iddia etmişdi.
Fedorovun istefasından sonra Ukraynanın bir sıra şəhərlərində onun tərəfdarlarının etiraz aksiyaları keçirilib. Aksiyalarda onun yenidən müdafiə naziri vəzifəsinə qaytarılması və Sırskiyə qarşı tələblər səsləndirilib.
Keçmiş nazir isə etirazlara birbaşa qoşulmadığını, bunun siyasi xal toplamaq cəhdi kimi qiymətləndirilə biləcəyindən ehtiyat etdiyini bildirib.
Fedorovun seçkilərlə bağlı çağırışı Ukrayna siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Bəzi deputatlar onun açıqlamasını hakimiyyətə birbaşa çağırış kimi qiymətləndiriblər.
Ekspertlərin fikrincə, Fedorovun çıxışı Ukraynada gələcək siyasi mübarizənin başlanğıcı ola bilər və o, potensial olaraq Zelenskiyə alternativ fiqur kimi təqdim olunur.
01:00 20.08.2026
Oxunuş sayı: 54