Kiyevdə Fedorovun müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edirlər
Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorovun vəzifəsinə qaytarılması tələbi ilə Kiyevdə etiraz aksiyası keçirilir.
Crossmedia.az xəbər verir ki, “Apostrof” bu barədə məlumat yayıb və aksiyadan görüntülər yayımlayıb.
Bir neçə onlarla gənc Ali Radanın binası qarşısına toplaşaraq Fedorovun yenidən müdafiə naziri təyin olunmasını tələb edən plakatlar qaldırıb və “Rüsvayçılıq!” şüarı səsləndirib.
Ali Radanın çərşənbə axşamı tətil sonrası ilk iclasını keçirməsi gözlənilir. Fedorov daha əvvəl avqustun 18-ni yeni müdafiə nazirinin təyin olunması üçün son tarix kimi göstərmişdi. Lakin parlamentin iclas gündəliyinə kadr məsələləri daxil edilməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski hələ də müdafiə və xarici işlər naziri vəzifələrinə namizədləri parlamentə təqdim etməyib.
Fedorov iyulun 14-də müdafiə naziri vəzifəsindən azad edilmişdi. Zelenski qərarı Fedorovla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasında yaranmış fikir ayrılığı ilə izah etmişdi.
Bundan sonra Ukraynada Fedorovun vəzifəsinə qaytarılması tələbi ilə etiraz aksiyaları keçirilmişdi. Etirazçılar həmçinin Sırskinin vəzifədən uzaqlaşdırılmasını tələb etmişdilər.
13:06 18.08.2026
Oxunuş sayı: 50