Alimlər kainatın ən sürətli fırlanan neytron ulduzlarından birini aşkar ediblər. 4U 1820-30 adı ilə tanınan bu ulduz saniyədə 716 dəfə fırlanır.
Neytron ulduzları ulduzun nüvəsinin çöküşü nəticəsində yaranır və doğulduqda yüksək sürətlə fırlanmağa başlayırlar. Bu fırlanma sürətləri zamanla azalsa da, 4U 1820-30 kimi ikiqat sistemdə olanlar yaxınlıqdakı ulduzlardan maddə çəkərək sürətlərini artıra bilirlər. Neytron ulduzları atom nüvəsi qədər sıx struktura sahib olmaları ilə tanınır və 12 kilometr diametrə malikdirlər. Buna görə də, necə bu qədər yüksək sürətlə fırlana bildikləri hələ də alimlər üçün bir sirr olaraq qalır.
2004-cü ildə kəşf olunan və 716 Hz fırlanma sürətinə malik PSR J1748–2446ad-dən sonra, yeni kəşf olunan bu ikinci neytron ulduzunun da eyni sürətlə fırlandığı məlum olub. Bu kəşf neytron ulduzlarının çatacağı maksimum sürət həddinin 716 hers ola biləcəyi nəzəriyyəsini dəstəkləyir.
NASA-nın "NICER X" şüaları teleskopu ilə aparılan müşahidələr nəticəsində, 2017-dən 2021-ə qədər aparılan analizlərdə 4U 1820-30-dan güclü X-şüa partlayışları aşkar edilib. Bu partlayışlardan biri 716 Hz perioduna malik olaraq neytron ulduzunun fırlanma sürətini ortaya çıxarıb. Yeni kəşf olunan bu ulduzun pulsar olmaması, neytron ulduzlarının maksimum sürət həddinə çatması üçün başqa yolların da ola biləcəyini düşündürür.
Bu əhəmiyyətli tapıntı neytron ulduzlarının quruluşu və yaranması haqqında mühüm məlumatlar təqdim edir. Ən sürətlə fırlanan ulduzlardan biri olan 4U 1820-30, neytron ulduzlarının daxili quruluşunu daha yaxşı anlamamıza kömək edir və kainatın ən sürətli fırlanan ulduzlarının limitlərini araşdırmağa davam edir.
Sevinc Abuşova