Siyasi

Vətən nədir? Vətən yurddur, torpaqdır... Vətən hər dəfə "Vətən nədir?" deyə soruşulanda, cavab verərkən gözlərimizin dolmasıdır. Vətən hər dəfəsində dalğalanan bayrağımıza baxanda keçirdiyimiz qürur hissidir! Vətən məscid minarəsindən səslənən azanla, kamanın kədər dolu səsi ilə var olan, muğamı zirvələrin fatehi edəndir. Və ən əsası, uğrunda canını fəda edən hər bir şəhidin qanında olandır. Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur! 

Nə gözəl demiş himnimizdə, "Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu!" Bəli, elə qəhrəmanlar  ki, sayı-hesabı bitməz... Onları unutmaq mümkündürmü? Əsla! Çünki biz onları unutsaq, özümüzü, milli kimliyimizi unudarıq! Axı bizim damarlarımızda türk qanı axır…

Vətən “44 günlük Vətən müharibəsi” zamanı xalqımın uşaqdan böyüyə göstərdiyi birlik nümunəsidir. Vətən "Qarabağ Azərbaycandır!" reallığıdır hansı ki, 44 gündə mümkünsüzü mümkün etdik. Şəhidlərimiz və qazilərimiz sayəsində bunu etdik. Hamımız bir yumruq altında birləşdik, bir səs olduq, dünyaya haqq səsimizi çatdırdıq və əsla geri dönməyi düşünmədik. 

4 il bundan öncə, 30 ildir həsrəti ilə yaşadığımız doğma torpaqlarımıza - Qarabağımıza qovuşduq. Elə 2020-ci il sentyabrın 27-dən etibarən başladığımız zəfər yürüşündə əldə etdiyimiz uğurlar, zəfərimizin illərə gözlədiyimiz cücərtiləri idi! 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərin azad edilməsi, işğal altında olan torpaqlarımıza qayıdışımızın ilk addımlarından biri idi. 

Elə bir yoldan keçdilər ki, qəhrəman oğullarımız, bəlkə də biz real həyatda belə səhnələrin olmasını imkansız görərdik... Hər gün televiziya qarşısında Cənab Prezidentin çıxışlarını səbirsizliklə gözləmək Prezidentimizə və müzəffər Azərbaycan Ordusuna sonsuz güvənimizin göstəricisi idi. Nəhayət ki, 8 noyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Bu ifadələri hər birimiz sevinc göz yaşları içində dinlədik.

Təbii ki, biz bu zəfəri şəhidlərimizə, qazilərimizə borcluyuq! Onların hər birinin qarşısında baş əyirik!  Zəfərin mübarək Azərbaycan!

Yaşa, Vətən, çox yaşa! 
Yaraşır Zəfər sənə! 
Alqış, min kərə alqış, 
Zəfəri bəxş edənə!

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il