İqtisadiyyat

Son illərdə startaplar dünya iqtisadiyyatının ən təsirli iştirakçılarına çevrilib. Günümüzdə startaplar ənənəvi biznes modellərinə meydan oxuyur.

Startaplar adətən kiçik ölçülü olsalar da, böyük təsir gücünə malikdir. Onlar yeni məhsullar, xidmətlər və texnologiyalar təqdim edərək mövcud sektorlara yeni dəyişikliklər gətirir. Nümunələrdən biri kimi Uber, Airbnb və Spotify kimi startapları göstərmək olar. Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, startaplar əsasən elm və intellekt əsaslı layihələrdir. Bu layihələrin dünyada daha effektiv kommunikasiya sistemləri yaradılan, elmə daha çox üstünlük verilən sahələrdə inkişaf etdiyini vurğulayan Akif Nəsirli startapların ənənəvi biznes modellərindən fərqli cəhətlərindən də danışıb:
 “Ənənəvi biznes üçün külli miqdarda kapitala ehtiyac duyulur. Startap layihələrini həyata keçirmək üçün isə daha çox intellektə ehtiyac duyulur. Yəni yalnız bu layihə çərçivəsində çalışan intellekt adamlarının əməkhaqqının ödənməsi üçün vəsait lazım olur. Bu layihələrdə pula ehtiyac minimum olur. Ənənəvi biznesdən startap layihələrinin ən böyük fərqi odur ki, bu layihələri həyata keçirən şəxslərə külli miqdarda kapital lazım deyil”.

İqtisadçı startapların böyük şirkətlər üzərində təsirindən də söz açıb:
 “Startaplar böyük şirkətlərlə rəqabətə girmirlər və onlara xidmət göstərirlər. Əgər startap icraçıları və böyük şirkətlər rəqabətə girsəydi, sözsüz ki, bu rəqabətdə böyük şirkətlər qalib gələrdi. Startap icraçıları bu rəqabəti heç vaxt öz hədəfləri kimi seçmirlər. Startap layihələrinin inkişafı böyük şirkətlərin işinə yarayır və onlara yardım göstərir”.

Akif Nəsirli startapların hansı iqtisadi sektorlarda daha çox inqilab etdiyindən də danışıb: 
“Startapların konkret inqilab seqmentləri yoxdur. Startap layihəsi həyata keçirmək icraçının intellektindən asılıdır və bu layihənin baş tutması özü inqilabdır. Startaplar istənilən sahədə uğur qazana bilərlər. Amma startap icraçıları o sahələrə üz tuturlar ki, həmin sahədə müasir kommunikasiya texnologiyalarına ehtiyac duyulsun. Çünki onların göstərəcəyi xidmətlər əsasən intellektə əsaslanır. Startaplar bu seqmentlərdə uğur qazanaraq inqilabi dəyişikliklər edirlər”.


Bahar Musayeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il