Qumar insanlıq tarixinin dərin köklərinə söykənən bir fəaliyyətdir. Qədim zamanlardan bəri, insanlar şans oyunlarına müraciət edərək pul qazanmaq arzusu ilə risklərin içində yol alıblar. Bu fəaliyyət, zamanla sadə bir əyləncə forması olmaqdan çox, müasir cəmiyyətlərin qaranlıq, cazibədar və mürəkkəb bir tərəfinə çevrilib. Son dövrlərdə, qumar oyunlarının internet vasitəsilə hər kəsə əlçatan olması, bu fenomenin miqyasını daha da genişləndirib. Çoxsaylı araşdırmalar, qumar oyunlarının sürətlə yayıldığını və bunun nəticəsində ciddi maliyyə və sosial problemlərin ortaya çıxdığını göstərir. Qumar asılılığı, beyindəki qazanc sisteminə təsir edən bir fenomendir; bu, insanları yenidən-qumar oynamağa sövq edir, pul, vaxt və sosial əlaqələrini riskə atmağa gətirib çıxarır. Bu fenomenin təsirləri yalnız fərdi səviyyədə deyil, cəmiyyətin müxtəlif təbəqələrində də hiss olunur. Qumarın artması, iqtisadi qeyri-sabitlikdən ailə problemlərinə qədər geniş bir spektrdə sosial və iqtisadi problemlərə yol açır. Bu, psixoloji təzyiqlərin, depressiyanın və digər mental sağlamlıq problemlərinin də artmasına səbəb olur. Beləliklə, qumar dünyası, müasir həyatın yalnız parlaq və cazibədar bir parçası deyil, həm də dərin sosial və iqtisadi təsirləri olan bir fenomenə çevrilib. Şans oyunlarının işıqlı pərdələrinin arxasında, insanların həyatını kökündən dəyişdirən bir aləm yatmaqdadır; bu aləmi anlamaq və onun təsirlərini qiymətləndirmək, müasir cəmiyyətin qarşısında duran mühüm məsələlərdən biridir.
Qumar asılılığı, əksər hallarda maliyyə problemləri ilə əlaqədar olur və bu borclar adətən insanları həm sosial, həm də emosional baxımdan çətin vəziyyətlərə sürükləyir. Borc ödəniləbilməyəcək məbləğə çatanda vəziyyət daha da ciddiləşir. Bu mərhələdə valideynlər, şəxsə yaxın olan insanlar məsələyə qoşulurlar. “Yaxınımın, övladımın borclarını bağlamlıyam mı?” sualına cavab axtarırılar.
Bəs, mütəxəssislər bu suala necə cavab verir?
Müsahibimiz psixoloq Minarə Səbzəliyeva qeyd edir ki, borclarının bağlanılması şəxsin təkrar qumar oynamasına gətirib çıxarır:
-Şəxs onsuz da borclarının bir şəkildə bağlanacağını düşünərək təkrar oynaya bilər, bununlada bu oynama davranışı möhkəmlənir. Bu səbəblə borclarının məsuliyyəti asılı olan şəxsə verilməlidir. Təbii ki, valideynlər istəsələr, öz övladlarına dəstək ola bilərlər. Lakin dəstək olmaq, onun məsuliyyətini əlindən almaq deyildir. Bir valideyn bu yaxınlarda bizə zəng edərək: “Qumar oynamaq üçün daimi şəkildə bizdən pul istəyir, verməyəndə də konflikt yaşayırıq. Nə etməliyik?”,-deyə soruşdu. Asılılıqdan əziyyət çəkən şəxsə hər dəfəsində pul vermək elə onun pula daha tez əlçatanlığının olması qumar oynama davranışını möhkəmləndirir. Burda söhbət artıq nə pulda, nə qumar oynamaqda deyil. Məsələ ondan ibarətdir ki, artıq asılılıq ailə üzvlərinin bir-biri ilə açıq ünsiyyət qurmasının, anlaşılmasının, problem həll etmə bacarığının, stresslə mübarizə mexanizmlərinin və başqa bu kimi vacib aspektləri zədələyib. Burda bunlar həll olmadığı zaman ailə üzvləri bir birini anlamayacaq, doğru ünsiyyət qura bilmədiyi zaman da eyni hadisə təkrarlanacaq.
Asılılıq üzrə mütəxəssis Anar Abbasov belə valideynlərin ən çox işlətdiyi daha bir ifadəni misal çəkir: “Mənə söz vermişdi ki, oynamayacam, yenə də qumar oynayır”.
-Ailələrin xəstəlikdən əziyyət çəkən şəxsindən belə bir nəticə gözləməsi onları ümidsizliyə gətirib çıxarır. Araşdırmalar göstərir ki, burada ailənin şəxsin verdiyi sözlərə inanması və ya onu daima müşahidədə saxlaması nəticə verməyəcəkdir. İlk olaraq həm şəxs, həm də ailə qəbul etməlidir ki, bu bir asılılıqdır və həlli üçün də qumar oynayan şəxsin düşüncə xətaları, davranışları tamamilə dəyişilməlidir. Şəxs müalicə müddətində özünü ilə bağlı fərqindəlik qazanmalı, xəstəliyi anlamalı, onu qumara gətirib çıxaran səbəbləri professionallarla birlikdə araşdırmalı və yenidən baş verməməsi üçün bu səbəbləri ortadan qaldırmalıdır. Təkrar oynamaması üçün lazımi bilik və bacarıqları əldə edir. Müalicədən sonra da onun həyatında risklər və problemlər olacaqdır. Lakin artıq o anlayır ki, problemlərinə düzgün həll yolları taparaq öz problemlərini həll edə bilər, qumar oynayaraq deyil.
-Anar bəy, burda hansı səbəblər şəxsləri qumar asılılığına gətirib çıxara bilər?
-Son tədqiqatların nəticələrinə əsasən həyəcan axtarma, əyləncə, hər hansısa sosiallaşma ehtiyacı, istənməyən emosiya və düşüncələrdən qaçma, istənməyən hissləri basdırma, həzz axtarışı və bu kimi səbəblər şəxsi qumar asılılığına gətirib çıxara bilər. Təbii ki, bu sadaladıqlarım individual şəxsə məxsus olan səbəblərdir. Burda çox fərqli səbəblər ola bilər ki, bunlara sosial səbəblər, ailədə hər hansısa asılılığın olması və başqa bu kimi səbəblər ola bilər. Başlığı seçərkən qumarda udmaq, qazanmaq kimi qeyd etmişik, lakin elə məhz qumarda qazanacağına inanan şəxs birbaşa uduzub. Çünki qumardq əsla qazanmaq mümkün deyil, buna inanan insan artıq düşüncədə bir problem yaşayaraq özünə asılılıq kimi bir xəstəliyi qazanacaqdır. Və əgər şəxsdə aşağıdakı kimi düşüncələr varsa artıq bu qumar asılılığından əziyyət çəkdiyindən xəbər verir. Qumar oynayan şəxslərdə yanıldıcı bir kontrol hissi olub, bu şəkildə düşüncələr ola bilir ki:
"Mənim sistemim işləyəcək", "özümü şanslı hiss edirəm","əgər bu şəkildə hiss edirəmsə, deməli qazanacam, deməli belədə olacaq","xəyallarımı yaşaya bilməyim üçün pula ehtiyacım var, bu səfər uduzsam da gələn dəfə daha böyük bir məbləği qazanaraq bunu konpensasiya edə bilərəm","kontrol məndədi" və s.
M.Səbzəliyeva qeyd edir ki, “necə yardım edə bilərik?” deyə valideynlər, ailələr tərəfindən çox suallar ünvanlanır:
-Əgər şəxs hal hazırda aktiv qumar oynayan şəxsdirsə həmin şəxsin sizlərə yalvarmasına, təhdidinə və ya günahlandırmasına hazırlıqlı olmalısız. Hazırlıqlı olmaqla yanaşı sizdən pul istədikdə yox deyə bilməyi bacarmalısınız. Şəxsin maddi ehtiyaclarını qarşılamamalı və bu məsuliyyəti şəxsin özünə verməlisiniz. Hər nə qədərki o sizdən pul alacağını, sizin onun məsuliyyətlərini öz üzərinizə götürəcəyini bilir bu bir o qədər də şəxsdə həmin davranışların təkrarlanmasına və qumar oynamasına gətirib çıxarır. Təbii ki, siz bu periodda tək deyilsiniz, biz mütəxəssislərdən dəstək alaraq bu mərhələdə hansı addımların nəylə nəticələnəcəyini, necə bu problemlə mübarizə aparacağınızı müəyyənləşdirə bilərsiniz. Həm valideynlərin, ailənin, həm də qumar asılılığından əziyyət çəkən şəxsin terapiya dəstəyini alması bu problemlə daha asan mübarizə aparmağına kömək edəcəkdir.
Bəs, qumarda uduş yoxdursa, necə olur ki, şəxslər qumarda udacaqlarına inanır?
A.Abbasovun dediklərinə əsasən, qumar asılılığı da digər asılılıqlarda olduğu kimi şəxsə həzz verən davranışların təkrarlanması nəticəsində yaranır:
-Bu asılılıq periodunda isə şəxs oynamağı kontrol edə bilmir və əlindəkiləri bitirənə qədər oynamağa davam edir. Şəxs burda bayaq sadaladığım düşüncə xətaları ilə qumar oynamağa başlayır, getdikcə artıq yüksək miqdarda oynayır, riskli addımları daha çox olur. Bunu kontrol edə biləcəyini düşünür, lakin burada məhz asılılıq onu kontrol edir. Pulu oldu olmadı qumar oynamağa davam edir, ətrafından borc istəyir, kreditlər götürür. Daima beyni qumarla məşğul olur, oynamağa davam edərsə qazanacağına inanır və nəticələri təxmin edə biləcəyini düşünür. O hətta bu dönəmdə xüsusilə qumarbazlarda bu nüans vardır ki, problemi inkar edirlər ya da olduğundan kiçik göstərməyə çalışırlar. Təbii ki, qalan o olduqları yeri gizlətmə, daimi yalan danışma, ailə və ya ətraf mühitdəki insanlarla konfliktlər və başqa bu kimi nüanslar hər biri özünü bu periodda biruzə verir.
Minarə xanım müraciət edən birinin nitqindən misal gətirir:
-"Başladığım zamanlarda həmişə düşünürdüm ki, bir nöqtədən sonra imtina edəcəm, amma əsla o pulla yetinmirdim. Əslində orda puldan savayı, həyəcanı da davam etdirmək istəyirdim. Lakin bunun fərqinə o zamanlar heç vara bilmədim. Daha sonra bütün qumarbazlarda olduğu kimi cibimdəki bütün pul bitmişdi və dedim ki, mən bunu necə elədim və necə hər şey bu yerə gəlib çıxa bildi?"
Məhz müraicət edənin nitqində də vurğuladığı kimi kontrol itkisi yaşadığını artıq onun üçün önəmli olan hər şey əlindən gedəndən sonra anlayır. Başqa bir pasiyentin öz nitqində dediyi sözlər doğurdan da qumar asılılığından əziyyət çəkən insanları əks etdirirdi:
"İlk zamanlarda tək başıma qurtulmağa çalışırsınız, lakin bilməliydim ki, qumardan qurtulmaq tək başına öhdəsindən gələ biləcəyim bir situasiya deyil. Çox söz verdim, hətta mənim üçün müqəddəs nə var idisə-Tanrı, dini kitab və bunun kimi başqaları and da içdim. Yenə oynadım. Həyat yoldaşım "ayrılacam" dedi, yenə oynadım. Anam gözümün qarşısında özünə qəsd etmək istədi, yenə oynadım. Atam həyatımda ilk dəfə mənim üçün ağladı, mən yenə oynadım. Ətrafdakı insanların qınaq obyektinə çevrildim, övladların üçün oynama dedilər, yenə oynadım. Amma müalicəyə gəldim və qəbul etdim ki, mən asılılıqdan əziyyət çəkən şəxsəm, mən ağır qumar asılılığı olan şəxsəm. Etiraf etdikcə ilk zamanlarda çətin gəlsə də, tək olmadığımı, problemimin fərqində olmadığını gördüm".
Pasiyentin nitqindən belə bir ifadəni ümumiləşdirmişdim. Hal hazırda o, öz əzmi və biz mütəxəssislərin dəstəyi ilə artıq uzun illərdir ki, sağlam şəkildə öz həyatına davam edir. Terapiyalarda öz xəstəliyini qəbullanıb sağalma üçün ilk addımlarını atdığı vaxtlarda ona sualım belə idi ki, qumar sənin üçün nədir?
"Qumar geriyə dönüb baxdıqda xərclənən minlərlə, hətta daha çox miqdarda pul, daima gözyaşı tökən, bir ümidi ilə “qurtulacaq mı?” deyə gözləyən həyat yoldaşı, daima məni gözləyən, qayğı və diqqət istəyən, məni bu halımla da olsa görəndə "ata" deyərək boynuma sarılan iki övladım, bu qədər etibar, güvənin zədələnməsi və çox böyük mənəvi itkilərdən sonra "övladımı qurtarın" deyə gözyaşı axıdan atam, daimi şəkildə hər zəngdə "görəsən oğlumdan yenə pis xəbərmi var?ə deyə daima təşviş və narahatlıq içində olan anam, düşdüyüm situatsiyaya görə bərbad emosional və psixoloji vəziyyətdə olan bacı-qardaşlarım, tükənmiş və darmadağın həyatı olan “mən” var idim. Onsuz da qumarda udmaq heç əvvəldən də yox idi. Amma həyatda heç nə bu qədər böyük bir ailə faciəsi ilə müqayisə belə oluna bilməzdi".
Anar bəyin sözlərinə görə, qumar asılılığından əziyyət çəkən şəxslər itirdiklərini bir səfərdə geri almağı ümid edirlər. Bu reallaşmadıqca da, davranışları və itkiləri yalanlarla örtməyə çalışırlar. Qumar oynamaq üçün lazımi pul miqdarını əldə etmək üçün saxtakarlıq, oğurluq kimi davranışlar edə bilərlər, yalan danışa və bununla da bir çox münasibətlərində dərindən problemlər yaşaya bilərlər. Qumar oynadıqlarından dolayı içində olduqları qorxulu maddi vəziyyəti bərpa etmək üçün daha riskli davranışlar edirlər. Sanki qumar bir labirintdi şəxs ora düşür və buradan çıxa bilmir.
-Qumar asılılığında ən böyük beynin oynadığı oyunlardan biri isə "qazanca yaxın itki"dir. Deməli, bu beyin oynu ilə şəxs oyunda maddi vəsaiti uduzduğuna görə xəyal qırıqlığı yaşasa da, paralelində həm də qazanca da yaxın olduğu düşüncəsi ilə tamamilə fərqli bir xəyal qırıqlığı və peşmanlıq hiss yaşayır. Bu xəyal qırıqlığı və peşmanlıq hissləri də "tam qazanırdım" hissi ilə birləşdikdə oyunu təkrardan oynamasına təkan yaradır. Yaşanan peşmanlıq hissi öz yerini bir sonrakı oyun üçün cəsarət hissinə verir. Araşdırmalar göstərir ki, şəxs hər nə qədər “qazanca yaxın idim” deyə düşünürsə, bir o qədər kompulsiv şəkildə qumar oynama davranışını davam etdirir. Eyni zamanda "qazanca yaxın itki" şəxsdə qazanacağı ilə bağlı həyəcan hissini yaradır. Belə olanda da oyuncu daimi olaraq uduzduğunu yox, hər dəfəsində tam qazanacağı anda nəsə bir xətanın baş verməsi nəticəsində alınmadığını düşünür. Yəni buradakı beyin oyunu şəxsə psixoloji olaraq "qazanmağa az qalmış alınmadı" hissini oyandırır ki, bu da şəxsi oyunu davam etdirməyə sövq edir. Təbii ki, bu oyunlarda qurulan tələlərdə də şəxs hər nə qədər “qazanca yaxın uduzdum” deyə düşünərsə, bir o qədər oyunu davam etdirər.
Günəş