Gənclərin psixoloji sağlamlığı onların emosional, sosial və intellektual inkişafında mühüm rol oynayır. Psixoloji sağlamlıq, gənclərin gündəlik həyatdakı streslərlə başa çıxmalarına, uğurlu münasibətlər qurmağa, özünü anlamağa və cəmiyyətdə sağlam şəkildə iştirakına imkan verir.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Crossmedia.az-a açıqlamasında bildirib ki, psixoloji immunitetinin gücləndirilməsi üçün ilk olaraq ailədə onlara münasibətdə inam hissinin artırılması və təzyiqlərin minimuma endirilməsi vacibdir:
"Bəzi hallarda ailədaxili problemlər hələ uşaq və yeniyetmə dövründə psixoloji immunitetinin zəifləməsinə səbəb olur. Bu şəraitdə böyüyən gənclər cəmiyyətə adaptasiya olmaqda və özlərini formalaşdırmaqda çətinlik çəkir, nəticədə özünəinam problemi ilə üzləşirlər. Bu, onların ailədə davamlı olaraq özünü sübut etməyə çalışmasına gətirib çıxarır və birbaşa psixoloji sağlamlığa təsir edir. Psixoloji sağlamlığın zəifləməsi gəncin emosional vəziyyətində və özünü anlama qabiliyyətində əks olunur. Özünü anlaya bilməyən gənclər effektiv ünsiyyət qurmaqda və empatiya göstərməkdə çətinlik çəkirlər".
Ekspertin sözlərinə görə, gənclərin təhsil sahəsində yaşadıqları stress də ən çox rast gəlinən problemlərdəndir:
"Bəzən valideynlər özləri nail ola bilmədikləri uğurları övladlarından tələb edir və onları rəqs, idman və digər əlavə məşğuliyyətlərə yönləndirirlər. Bu vəziyyət gənclərin psixoloji təzyiq altında qalmasına səbəb olur, nəticədə təhsilə qarşı sevgi və maraqlarını itirirlər. Valideynlərin övladlarını başqa uşaqlarla müqayisələri də gənclərin psixoloji sağlamlığına mənfi təsir göstərir".
Bugünkü gənclər arasında aqressivlik hallarının müşahidə olunduğunu bildirən A.Ələkbərova onların bəzən bir-birinə hörmət göstərmək və ya yol verməkdə belə çətinlik çəkdiklərini, “Niyə etməliyəm?” düşüncəsinə qapıldıqlarını da bildirib:
“Bu cür emosional hallar isə birbaşa onların psixoloji sağlamlığına təsir edir. Bu baxımdan cəmiyyətdə bir-birimizi dinləmək və qarşılıqlı empatiya göstərmək son dərəcə vacibdir”.
Aytac Bəhruzqızı