Səhiyyə

"Boşanma uşaqların psixologiyasına dərin və uzunmüddətli təsir göstərə bilən sosial hadisələrdən biridir".

Bu sözləri Crossmedia.az-a açıqlamasında Klinik Psixoloq Vüsal Alquliyev deyib. O qeyd edib ki, ailənin dağılması uşaqlar üçün həm emosional, həm də sosial baxımdan ciddi sarsıntılar yaradır. Boşanma prosesi zamanı valideynlərin arasında yaranan münaqişələr uşaqların mənfi emosional təcrübələr yaşamasına səbəb olur:

"Müşahidələr göstərir ki, boşanmış ailələrdən gələn uşaqların özünə inam səviyyəsi aşağı olur və onlar özlərini günahkar hiss edə bilirlər. Boşanmanın uşaqların emosional vəziyyətinə təsiri yaşa, cinsiyyətə və şəxsi xüsusiyyətlərə görə dəyişə bilər.

Boşanmanın ilkin mərhələsində uşaqlar qorxu, narahatlıq və qeyri-müəyyənlik hissi ilə qarşılaşa bilərlər. Uşaqlar valideynlərin ayrılmasının səbəbini anlamaya bilər və bu, onlarda özlərinə qarşı neqativ münasibətin yaranmasına səbəb ola bilər. Xüsusən də, azyaşlı övladlar valideynlərinin boşanmasını özləri ilə əlaqələndirərək, özlərini məsuliyyətli hiss edə bilərlər. Bu proses emosional təcrid, sosial çəkinmə və davranış problemləri ilə nəticələnə bilər".

Klinik psixoloq bunun yeniyetmələrə də olan təsirindən danışıb:

"Boşanmış ailələrdən gələn yeniyetmələr isə daha çox aqressiv davranışlar və sosial problemlər göstərə bilər. Onlar tez-tez valideynlər arasında tərəf seçməyə məcbur qalırlar və bu, onların gələcəkdə münasibət qurmaqda çətinlik çəkməsinə səbəb ola bilər. Valideynlərin boşanması uşaqların uzunmüddətli münasibəti qorumaq qabiliyyətinə də mənfi təsir göstərə bilər, çünki onlar sabit ailə modeli görmürlər"

Klinik Psixoloq Vüsal Alquliyev boşanmanın təsirini azaltmağın bir neçə yollarından da bəhs edib:

"Boşanmanın uşaqların psixologiyasına mənfi təsirini azaltmaq üçün valideynlərin və cəmiyyətin bir sıra müdaxilələri tələb olunur. İlk olaraq, valideynlər uşaqlara stabil və dəstəkləyici mühit yaratmalıdırlar. Uşaqlara boşanmanın onların günahı olmadığı izah edilməli və hər iki valideynin onları sevməyə davam edəcəyi aydın şəkildə bildirilməlidir. Bunun üçün valideynlərin münaqişədən qaçması və uşaqları mübahisələrin mərkəzinə yerləşdirməməsi vacibdir. Valideynlər arasında mövcud olan əməkdaşlıq uşaqların emosional dayanıqlığını təmin edə bilər.

Psixoloji dəstəyin təmin edilməsi boşanmanın təsirlərini azaltmağın əsas yollarından biridir. Uşaqlara professional dəstək göstərən psixoloqlar, onların boşanma prosesinə emosional cəhətdən uyğunlaşmasına kömək edə bilər. Terapiya seansları uşaqların özlərini ifadə etməsi və mənfi emosiyaların işlənməsi üçün təhlükəsiz məkan yaradır. Ailə terapiyası isə valideynlərin bir-biri ilə daha sağlam ünsiyyət qurmasını və uşaqların qarşısında daha müsbət model nümayiş etdirməsini təmin edə bilər.

Uşaqların sosial dəstəklə əhatə olunması da mühüm amildir. Məktəblər və tədris mərkəzləri uşaqlara sosial fəaliyyətlər və dostluq münasibətləri qurmaq üçün imkanlar yarada bilər. Uşaqların sosial fəaliyyətlərə cəlb olunması onların özlərinə inamını artırar və emosional problemlərin yaranma riskini azaldar. Həmçinin, təhsil müəssisələrinin də bu prosesə dəstək verməsi, boşanmış ailələrin uşaqları üçün xüsusi proqramlar təklif etməsi vacibdir. Bu proqramlar uşaqlara stresslə necə başa çıxacaqlarını və sosial bacarıqlarını necə inkişaf etdirəcəklərini öyrətməyə yönəlmiş ola bilər.

Valideynlərin öz emosional rifahlarına da diqqət yetirməsi lazımdır, çünki onların psixoloji durumu birbaşa olaraq uşaqların rifahına təsir edir. Valideynlər boşanma sonrası stres və emosional təlatümlərlə mübarizə aparmaq üçün mütəxəssislərdən dəstək ala bilərlər. Sağlam valideyn-uşaq əlaqəsi uşaqların uzunmüddətli psixoloji sağlamlığı üçün kritikdir".

Aysel Ağakərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il