Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin sədri doktor Erkin Rəhimov Crossmedia.az saytına verdiyi özəl açıqlamada son illərdə Azərbaycanda pediatriya sahəsində əhəmiyyətli irəliləyişlərdən danışıb. Türkiyədə təhsil alıb müəyyən müddət orada çalışdıqdan sonra 2014-cü ildə Azərbaycana qayıdan doktor Rəhimov, bu sahədə müşahidə olunan inkişafı vurğulayıb.
Doktor bildirib ki, pediatriya Azərbaycan üçün ən həssas sahələrdən biridir. Uşaq sağlamlığı xalqımız üçün böyük əhəmiyyət daşıyır, çünki Azərbaycan cəmiyyəti olaraq uşaqlara xüsusi dəyər veririk. İlk səhiyyə xidmətləri sahəsində – xüsusilə uşaqların peyvəndlənməsi və inkişafın nəzarət mexanizmləri kimi əsas sahələrdə mühüm irəliləyişlər əldə olunub. “Əvvəllər səhiyyə sahəsində bəzi səhvlər və müasir protokollardan kənarlaşmalar müşahidə olunurdusa, indi bu cür hallara daha az rast gəlinir,” – deyə doktor Rəhimov qeyd edib.
2021-ci ildən fəaliyyətini daha da gücləndirən Azərbaycan Pediatriya Cəmiyyəti, ölkədə pediatriyanın inkişafına ciddi töhfələr verməyə çalışır. E.Rəhimovun sözlərinə görə, Cəmiyyətin əsas prioritetlərindən biri, xaricdən dəvət olunan təcrübəli mütəxəssislərlə yerli həkimləri bir araya gətirməkdir. Bu yolla mütəxəssislər ən aktual və innovativ mövzuları müzakirə edir, müasir tibbi biliklərin təbliği təmin olunur.
Doktor Rəhimov qeyd edib ki, Cəmiyyət yalnız Bakıda deyil, bölgələrdə də fəaliyyət göstərir. Azərbaycan Pediatriya Cəmiyyəti hər il ölkənin müxtəlif bölgələrinə səfərlər təşkil edərək, oradakı həkimlərlə aktual problemləri yerində müzakirə edir və onlara dəstək verir. Bu səfərlər regionlarda uşaq sağlamlığı sahəsində çalışan həkimlərin bilik və təcrübəsini artırmaqla yanaşı, onların ehtiyaclarının müəyyənləşdirilməsinə də imkan yaradır.
Pediatriyanın müxtəlif sahələrində – həm yeni doğulmuş körpələrlə bağlı neonatologiya, həm də daha böyük yaş qruplarında mühüm inkişaflar qeydə alınıb. Bu sahədə əldə olunan yeniliklər Azərbaycanda uşaqların sağlamlığına daha effektiv şəkildə nəzarət etməyə imkan verir.
Doktor Erkin Rəhimovun sözlərinə görə, ölkədə pediatriya sahəsində davam edən inkişaflar və yeniliklər, gələcək nəsillərin sağlamlığı üçün güclü zəmin yaradır.
Nihat Tahirov
Fotolar: Sevinc Abuşova