İqlim dəyişikliyi Yer kürəsinin orta temperaturu və hava şəraitinin uzunmüddətli dəyişməsidir. İqlim dəyişikliyi həm böyüklərə, həm də uşaqlara müxtəlif şəkildə təsir göstərə bilər. İqlim Dəyişikliyi və Səhiyyə İdarəsinin direktoru, səhiyyə nazirinin köməkçisinin müavini Con Balbus ötən gün media nümayəndələri ilə görüşdə bildirib ki, ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi(HHS) uşaqların dəstəklənməsi və müdafiəsi ilə bağlı mövcud proqramlar çərçivəsində iqlim dəyişikliyi fəal şəkildə nəzərə alınır. Bəs iqlim dəyişikliyi, xüsusilə, uşaqlara necə təsir göstərir?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlamasında bildirib ki, hələ bəlli deyil ki, Amerika Birləşmiş Ştatları İqlim dəyişikliyinə qarşı mübarizəyə necə qatılacaq:
"Çünki Tramp prezidentliyinin birinci dönəmində hətta COP-dan belə çıxmışdı, sonradan Amerika COP-a daxil oldu. Heç bir layihələri dəstəkləməyəcəyini bildirirdi. Düzdür, sonradan bunlar dəyişildi. Bu məsələ Paris Konfransında baş vermişdi. Məsələ burasındadır ki, iqlim dəyişikliyi uşaqdan böyüyə hər kəsə təsir edir. Bəlkə də uşaqlara daha az təsir edə bilər. Çünki hər bir fərd doğulduğu yerin havasına, onun təbii şəraitinə uyğun böyüyür. Ola bilər ki, uşaqlara daha çox təsir etməz, böyüklərə təsir edər. Amma hər bir halda iqlim dəyişikliyini nə qədər zəiflətsək, nə qədər sürətini azaltsaq bir o qədər yaxşıdır. İqlim dəyişikliyi dünya yaranandan hər zaman var, olacaq və davam edəcək . Yer Kürəsi yarandığı vaxtdan əgər iqlim dəyişə-dəyişə gedibsə, indi də dəyişəcək".
Həmçinin ekoloq qeyd edib ki, hazırda havanın hərarəti yüksəlməkdədir, onun qarşısını almaq lazımdır:
" Bəlkə 200-300 il sonra hava soyumağa başlayacaqsa, onda nə etmək lazım olduğunu heç kim bilmir. Bu baxımdan çevrəyə qarşı həssas, diqqətli olmaq lazımdır. Xüsusilə, uşaqlarımızın sağlamlığının qorunması şübhəsizdir və qorunmalıdır. Bunun qorunması üçün biz ilkin olaraq təməlli ibtidai təhsil, mədəniyyət yaratmalıyıq. Bağçalardan, ibtidai siniflərdən könüllülük təbliğ etməliyik. Eyni zamanda çevrə qorunmasını təbliğ və təşviq etməliyik. Əgər uşaqlarda biz bunu təşviq edə bilsək, uşaqlar həm özlərini qoruyacaqlar, həm də bizi çevrəni çirkləndirməkdən çəkindirəcəklər".
Gülşad İbrahimova