Mediada yüksək miqdarda zorakılıq, istismar, oğurluq və dələduzluq məzmunlu xəbərlərin tirajlanması insanların qorxularını gücləndirərək şübhə və inamsızlıq hisslərinin artmasına səbəb olur.
Son dövrlər ictimai münasibətlərdə daha sıx müşahidə edilən şübhə və inamsızlıq kimi halların etimadsızlıq anlayışı ilə yaxından əlaqəli olduğuna diqqət çəkən Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müəllimi, professor Əbülfəz Süleymanlı mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
“İctimai münasibətlərdə etimadın azalması şübhə və daima inamsızlıq hissi ilə yaşayan fərdlərin artmasına səbəb olur. Dəyərlərdən uzaqlaşmaq,cəmiyyətdə dələduzluq hallarının çoxalması şübhə və inmasızlıq halların artmasına səbəb olur. Bunun səbəbləri arasında valideynlər tərəfindən tərbiyə üsulu da var. Belə ki, uşaqlıq illərində daima həyatın təhlükə və risklərlə dolu olduğu öyrədilərək yetişdirilən şəxslər insanlara güvənməyi unudur, şübhə və inamsızlıq hissi yüksək fərdlərə çevrilirlər”.
Bundan başqa, müasir dövrdə kütləvi informasiya vasitələrinin sosial sahədə şəxslərin düşüncə və davranışları üzərində müəyyənedici rol oynadığını vurğulayan sosioloq-alim bunları qeyd edib: “Mediada, yüksək miqdarda zorakılıq, istismar, oğurluq və dələduzluq məzmunlu xəbərlərin tirajlanması insanların qorxularını gücləndirərək şübhə və inamsızlıq hisslərinin artmasına səbəb olur”.
Sosial medianın şüursuz istifadəsinin də cəmiyyətdə şübhə və inamsızlıq hallarının yayılmasına səbəb olduğunu bildirən professor “Xüsusilə sosial mediada daha çox oxunmaq və izləyici artırmaq üçün əsassız məlumat paylaşımları bu vəziyyətin təkanvericisinə çevrilir”, - ifadələrini işlədib.
Belə olan halda insanların bir-birinə və qurumlara olan güvəninin azaldığını vurğulayan professor bunları qeyd edib:
“Xüsusilə sosial münasibətlərdə hakim mövqeyə gələn şübhə və inamsızlıq bir müddət sonra cəmiyyətin müxtəlif sferalarına sirayət edir, sosial dəyərləri və insanların psixi sağlamlığını zədələyir”.
Cəmiyyətdə şübhə və inamsızlıq hisslərinin artmasının təsirlərini qiymətləndirən Əbülfəz Süleymanlı onu da bildirir ki, sosial sərmayənin vacib elementi olan ictimai etimad hissi sosial münasibətlərin əsasını təşkil edən çox önəmli bir dəyərdir. İctimai etimad səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə iqtisadi inkişaf baş verir, fərdlərin xoşbəxtlik və məmnuniyyət hissi artır. İctimai həyat içində güvənin təmin olunmasında sosial dəyərlərin çox mühüm bir yeri var. Bu mənada dəyərlərin öyrənilməsi, onların təbliği, hər zaman aktual olduğu kimi, bu günün tələbatı baxımından son dərəcə zəruridir.
Bahar Musayeva