Hadisə

İqlim dəyişmələri mövzusunda dünya ölkələrinin qarşısında dayanan ən əsas öhdəlik istixana effekti yaradan qazların azaldılmasıdır. Bu öhdəliyin əsasında başlıca olaraq hər bir ölkənin enerji balansında havanı çirkləndirən karbohidrogen yanacağının payının azaldılması dayanır. Azərbaycanda  müşahidə edilən meyl bundan ibarətdir ki, yaxın dövr üzrə ölkənin enerji balansında alternativ enerjinin payında əhəmiyyətli dəyişiklik baş verməyib. Rəsmi statistikaya görə, yanacaq əsasında enerji istehsal edən İES-lərin və digər müəssisələrin payı 2000-ci ildə 92% idisə, 2023-cü ildə 92.8% olmuşdur. Yəni bərpa olunan enerji mənbələri vasitəsilə enerji istehsalı artıbsa bu statistikada niyə özünü göstərmir? Bu davamlı inkişaf nöqteyi-nəzərindən mənfi tendensiya olmaqla enerji istehsalında yanacağın payı azalmaq əvəzinə artmışdır. 2020-ci ildə bu göstərici hətta 95.1% təşkil etmişdir. SES-in ümumi enerji istehsalında payı 2000-2023-cü illərdə 8.2%-dən 6.0%-ə enmişdir. Həmin dövrdə, yəni 24 il ərzində SES-lərdə enerji istehsalı cəmi 15% artıb (1534,2 milyon kVt saatdan 1763,4 milyon kVt saata yüksəlib) ki, bu da yüksək göstərici deyildir. Son 5 il ərzində günəş hesabına elektrik enerjisi istehsalı 0.2%-dən 0.3%-ə doğru dəyişib, eyni dövrdə külək enerjisinin payı isə 2 dəfə azalıb – 0,4%-dən 0,2%-ə (105,4 milyon kVt saatdan 55,4 milyon kVt saata) və ya 1,9 dəfə azalmışdır. Nəhayət 2023-cü ildə enerji istehsalının 92.8%-i qazla işləyən İES-lərin və 7,2%-i bərpa olunan enerji mənbələrinin payına düşür.

Ölkədə bərpa olunan enerji mənbələri istiqamətdə qurulan stansiyalar və ətraf mühitin qorunması baxımından görülən tədbirlərin daha çox büruzə verməməsinin səbəbləri aşağıdakılardır:

1. Qeyd edilən bərpa olunan enerji mənbələri üzrə elektrik istehsalının az olması hidroenerji istehsalında baş verən azalmaya görədir. Belə ki, 2010-ci ildən davam edən bu tendensiya 2023-cü ildə onun 48.5%-ə (3446-dan 1764 mln. kVt/saata) qədər düşdüyünü və bunun davam edəcəyini göstərir. Nəticədə, bu illər ərzində bərpa olunan enerji mənbələri ilə elektrik istehsalı 18.4%-dən 7.2%-ə düşmüşdür. Bunun əsas səbəbi, ölkədə yağıntıların ortalama 15% və transsərhəd çaylarında müşahidə olunan fəsillər üzrə normaya uyğun su həcminin azalmasıdır. Digər səbəb, mövcud enerji infrastrukturunun köhnəlməsidir ki, bu da SES-lərin modernizasiyası, iqlimə uyğunlaşma planlarının hazırlanması və əlavə investisiya cəlbini tələb edir. Ancaq hidroenerji xaric alternativ enerji istiqamətində stansiyaların 2009-cu ildən qurulması və hazırda ümumi istehsalın 1.3% (360 mln. kVt/s) təşkil etməsi yüksək nəticə olmasa da, yeni tikilən stansiyalar vasitəsilə bu faiz yüksələcəkdir. Bunlara, 2024-də 240 MVt Qaradağ günəş (fəaliyyətədir, investisiya-Masdar şirkəti), 230 MVt Xızı-Abşeron külək (qurulur, investisiya Acwa Power şirkəti), Biləsuvar 445 MVt və Neftçala 315 MVt (istismar 2027, birlikdə 1.7 mlrd. kVt/s) stansiyaların fəaliyyətə başlaması və digər qurulan kiçik SES-lər aiddir. 


2. Alternativ enerjinin topdan satış qiymətinin (1 kVt/s 5.5 qəpik-yalnız külək enerjisi 5.7 qəpik) ənənəvi energetikadan (ortalama 11 qəpik) ucuz olması bu sahədə sahibkarlıq fəaliyyətinə və investisiya cəlbediciliyinə mənfi təsir göstərir. Çünki, bu texnologiya tamamilə idxala əsaslandığından stansiyanın qurulma və istismar xərcini bahalı edir və elektrik istehsalında 1 kVt/s üçün 15 qəpikdən yüksək olmasına gətirib çıxarır. Belə olduqda, hökumətin qaz ehtiyatlarından istifadə edərək maya dəyəri 1 kVt/s 3.5 qəpiyə başa gələn elektrik enerji istehsal etməsi ağlabatandır. Bu, həmçinin əhalini ucuz enerji ilə təmin etməsi üçün də vacibdir. Çıxış yollarından biri də elektrik enerji tariflərinin artırılmasıdır ki, bu da sosial vəziyyəti daha da ağırlaşdıran vəziyyətdir. Əks halda isə, dövlət büdcəsindən vəsait ayrılmalıdır. Buna misal olaraq, 2005-2015-ci illərdə 87 faizi dövlət, 13 faizi isə fərdi sahibkarlıq hesabına ümumilikdə 987,4 mln. AZN, orta hesabla 11 il ərzində illik 90 mln. AZN investisiya ilə yeddi bərpa olunan enerji stansiyası qurulmuşdur. Bu stansiyalar vasitəsilə 2015-ci ildə 229,6 mln. kVt×s enerjisi istehsal edilmişdir. Bu isə, dəyər ifadəsi ilə 12,6 mln. AZN-ə bərabərdir. Halbuki, 2015-ci il dövlət büdcəsindən bu sahəyə ayrılmış vəsaitin məbləği bundan 4 dəfə çox olmaqla 50 mln. AZN təşkil etmişdir.

3. Azərbaycanın atmosferə buraxılan istilik effekti yaradan qazların həcmi 195 mln. CO2 ekvivalenti olmaqla qlobal emissiyanın 0.12%-ni təşkil edir. Buna görə də, ölkənin götürdüyü beynəlxalq öhdəlik könüllü xarakter daşıyır (Paris Sazişi-2015). Bu öhdəlikdən irəli gələrək ölkə balanslı şəkildə (enerji təhlükəsizliyini təbiətin ixtiyarına buraxmadan) əsas etibarilə xarici investorların köməyi ilə alternativ enerji sektorunu inkişaf etdirir, ənənəvi elektrik enerjisi sektorunu yeniləyir və çirkləndirici maddələrin qarşısını alır (misal üçün, 2013-də İES-lərdə mazutdan tamamilə qaza keçilmişdir). Nəticədə 2005-2023 illər üzrə müqayisədə ümumi enerji istehsalı 25% artsa da, energetika müəssisələri tərəfindən atmosferə atılan çirkləndirici maddələr 456 min tondan 91 min tona düşmüşdür. Qlobal istiləşmənin qarşısının alınması və karbonsuzlaşdırma tədbirlərinə (məsələn, COP) qarşı çıxan və bu tədbirləri siyasi təsir vasitəsi kimi görən bəzi ölkələr də vardır. Onlar dövrlər üzrə temperatur tsikillərini əsas götürərək istiləşməni inkar edir və hazırkı prosesin buzlaşma dövrünün davam etməsinə iddia edirlər.

Nicat İmamverdiyev
Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqtisadi və siyasi coğrafiya şöbəsinin elmi işçisi

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il