Hadisə

Son illərdə gənclər arasında könüllü fəaliyyətə maraq xeyli artıb. Müxtəlif sosial, mədəni və ekoloji layihələrdə iştirak edən gənclər həm cəmiyyətə töhfə verir, həm də şəxsi inkişaflarına dəstək olurlar. Bu fəaliyyətlər onların liderlik bacarıqlarını inkişaf etdirməklə yanaşı, sosial məsuliyyət hissini də artırır.

Mövzu ilə bağlı GUYS İctimai Birliyinin icraçı direktoru Elçin Qurbanov Crossmedia.az-a açıqlamasında bildirib ki, gənclərin könüllü fəaliyyətlərə cəlb olunması təşkilatların könüllülərinə qarşı münasibətindən asılıdır:

"Gəncləri könüllü fəaliyyətlərə cəlb edən də, onları bu fəaliyyətdən soyudan da təşkilatların öz könüllülərinə qarşı yanaşmasıdır. Təşkilatlar könüllülərinə dəyər verib onların inkişafına dəstək olsalar, həmçinin könüllü fəaliyyətin üstünlükləri ilə bağlı maarifləndirici paylaşımlar etsələr, gəncləri bu sahəyə cəlb etmək daha asan olar".

Elçin Qurbanov ölkəmizdə gənclərin ən böyük çatışmazlıqlarından biri kimi ünsiyyət, tənqidi düşüncə, komanda ilə işləmə və özünü ifadə etmə kimi mühüm yumşaq bacarıqların zəif olduğunu vurğulayıb. O əlavə edib ki, könüllü fəaliyyət bu bacarıqların inkişaf etdirilməsi üçün əla fürsətdir:

"Gənclərin bu bacarıqlarını inkişaf etdirməsi karyera quruculuğunda çox vacibdir. İşə qəbul zamanı insan resursları mütəxəssislərinin diqqət etdiyi əsas faktorlardan biri namizədin yumşaq bacarıqlarıdır. Hətta deyərdim ki, bu bacarıqların yüksək səviyyədə olması işə qəbulda 70-80% rol oynayır".

Qurbanovun sözlərinə görə, könüllü fəaliyyət zamanı qurulan əlaqələr gələcəkdə yeni fəaliyyətlərə başlamaqda böyük dəstək ola bilər:

"Bizim könüllülərimiz arasında da bununla bağlı bir çox müsbət nümunələr var. Bu səbəbdən düşünürəm ki, könüllü fəaliyyət və təcrübə proqramları karyera quruculuğu üçün əvəzsiz imkanlardır".

İcraçı direktor sonda qeyd edib ki, təhsil və səhiyyə kimi cəmiyyət üçün vacib sahələrdə, eləcə də digər istehsal və xidmət sektorlarında inkişaf peşəkar kadr bazasının formalaşmasına töhfə verir. Bu isə öz növbəsində iqtisadiyyatın canlanmasına səbəb olur:

"Könüllü fəaliyyət gənclərin inkişafını təmin edərək, peşəkar kadr bazasını gücləndirir. Nəticədə bir çox sektorun inkişafına təkan verilir və cəmiyyətin rifahı artır".

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il