Hadisə

Əksər rayonlarda nəinki müəllimlər, eləcə də bütün əhali üçün sosial aktivlik limitlənmiş vəziyyətdədir. Bakıda müəllimlər üçün iş yerləri tapmaq çətindir, lakin bölgələrdə bunun tam tərsi müşahidə olunur. Rayonlarda vakant yerə belə müraciət edən yoxdur.  Bəs nə üçün bölgələrdə vakant müəllim yerlərinə maraq bu qədər azdır?

Mövzu ilə bağlı Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, əksər rayonlarda nəinki müəllimlər, eləcə də bütün əhali üçün sosial aktivlik limitlənmiş vəziyyətdədir:

"Müəllimlərin həm ixtisasları ilə bağlı, həm dünyagörüşləri ilə bağlı özünütəkmilləşdirməyə şərait də əksər rayonlarda yoxdur və ya çox azdır. Kitabxanalar, kitab klubları, seminarlar və s. aktivliyi təmin edəcək resursları rayonlara da cəlb etmək lazımdır. Əksər vaxtlarda müşahidələr göstərir ki, rayon məktəblərində tədris aparan müəllimlər həm öz ixtisaslarına yaxşı yiyələnmiş müəllimlərdir, həm şagird-müəllim münasibəti üçün vacib keyfiyyətlərə, xoş ünsiyyətə malikdir və uşağın gələcəyi ilə bağlı valideynlərlə yanaşı qayğıkeşlik edirlər. Lakin rayonlarda sosial-iqtisadi vəziyyətin aşağı olduğunu da nəzərə alsaq, bu müəllimlərin əmək haqqından əlavə, onların çoxunun repetitorluq fəaliyyəti də bu məsələyə təsir göstərən nüanslardandır. 
Məsələn, Bakı məktəblərində ibtidai sinif müəllimlərinin günlük 2 saat repetitorluq fəaliyyətinin aylıq qiyməti 150-200-250 manatla qiymətləndirilirsə, rayonlarda günlük 4-5 saatlıq repetitorluğun aylıq qiyməti 30-40 manatdır".

Ekspertin sözlərinə görə, yuxarı siniflərdə də bu mütənasibliyi görmək mümkündür:

"Bakıda bir fənn üzrə bir saatlıq hazırlıq qiyməti səkkiz dərsə 100-150 manat olduğu halda, rayonda bir fənndən 2 saatlıq hazırlığın aylıq qiyməti 40-50-60 manat olaraq dəyərləndirilir. Nə qədər repetitorluq fəaliyyətindən qaçmağa çalışsaq da, maddi rifah yaşayış üçün önəmlidir, bu baxımdan, qeyd etdiyimiz məsələlər bu problemin yaranmasında aparıcı rol oynayır".

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il