Müasir dövrümüzdə repetitorluq fəaliyyəti çox geniş yayılıb. Həm valideynlər, həm də şagirdlər ali məktəbə daxil olmaq üçün məktəbdən çox repetitorlara güvənirlər. Repetitor hazırlıqlarına belə böyük tələbatın olması, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olması kimi fikirləri yaradır. Bu zaman “Məktəb yoxsa repetitor?” və “Məktəbdən əlavə repetitorlara niyə ehtiyac var?” kimi suallar ortaya çıxır.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Crossmedia.az-a açıqlama verib:
“Məktəb çox vacibdir. Artıq valideynlər uşaqların ali məktəbə repetitor hesabına daxil olduğunu düşünüb məktəbi lazımsız görürlər. Amma biz bütün ilkin anlayışları məktəbdən öyrənirik. Məktəb uşağı yetişdirir, repetitor isə sadəcə müəyyən ödəniş müqabilində materialları əzbərlətdirir. Uşaq 6 yaşından 17 yaşınadək məktəb mühitində böyüyür, tərbiyələnir və məktəbin dəyərləri yaddaşına hopur”.
Ekspert orta məktəbdə verilən təhsillə Dövlət İmtahan Mərkəzinin imtahanları arasında olan uyğunsuzluqdan da danışıb:
“Azərbaycanda belə bir problem var ki, necə deyərlər, bizə məktəb biliyi çömçə ilə verir, Dövlət İmtahan Mərkəzi qazanla istəyir. Bu gün Elm və Təhsil Nazirliyinin vəsaitləri DİM-lə uyğunlaşmır. Şagirdin 5-ci sinifdə oxuduğu dərs, 11-ci sinifi bitirəndə DİM-in imtahanında soruşulur. Halbuki ümumi təkrara 11-ci sinifdə 1-2 həftə vaxt ayrılıb. Bu istiqamətdə uyğunsuzluq var”.
Rizvan Fikrətoğlu repetitorlara tələbatın azalması yollarından da söz açıb:
“Məlum məsələdir ki, repetitorsuz ali məktəbə qəbul hardasa mümkünsüzdür. Şagird yaxşı nəticə göstərmək üçün mütləq repetitor hazırlığına getməlidir. Bunun qarşısını almaq üçün məktəbin verdiyi təhsillə Dövlət İmtahan Mərkəzi arasında olan uyğunsuzluq aradan qaldırılmalıdır. Bu problem aradan qalxsa, repetitorlara müraciət azalacaq”.
Bahar Musayeva