“Bolonya sistemi” haqqında fikirlər 1970-ci illərə qədər uzansa da, sistem ilk dəfə 1999-cu ildə İtaliyanın Bolonya şəhərində real şəkildə tətbiq olunub. Həmin vaxt 29 Avropa ölkəsinin təhsil nazirləri bu sistemə qoşulduqlarını elan edərək “Bolonya Bəyannaməsi”ni qəbul ediblər.
Bu barədə Crossmedia.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, “Bolonya sistemi” Azərbaycanda da tətbiq olunub:
“Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulub. İlk dəfə 2006-cı ildə Azərbaycan Dillər Universitetində bu sistem tətbiq olunmağa başlanıb. Məqsədimiz bacarıqlı, savadlı, çevik, elmi-texnoloji nailiyyətlərə yönəlmiş gənclər yetişdirmək və universitetləri bu istiqamətdə inkişaf etdirmək idi.”
Rizvan Fikrətoğlu “Bolonya sistemi”nin əsas xüsusiyyətlərini belə izah edib:
“Sistem diplomların həm ölkə daxilində, həm də xaricdə tanınmasını, tələbələrin müəllim və fənn seçimində sərbəst olmasını və tədris materiallarının həm çap, həm də elektron versiyada təqdim edilməsini nəzərdə tutur.”
O, sistemin müsbət cəhətlərini də vurğulayıb:
“Bolonya sistemi Avropa təhsil məkanına inteqrasiya üçün imkanlar yaratdı. Universitetlər arasında əlaqələr genişləndi, beynəlxalq əməkdaşlıq artdı və diplomların ekvivalentliyi təmin olundu. Xaricdə tanınan diplomlar vasitəsilə Avropa ilə təhsil əlaqələri gücləndi.”
Bunun mənfi tərəflərini də bildirən müsahibimiz ölkəmizdə "Bolonya sistemi"nin tam və orijinal formada tətbiq olunmadığını nəzərə çatdırıb.
“Sanki sistem özünəməxsus şəkildə dəyişdirilib. Məsələn, tələbələrə mühazirə dəftərlərinə və davamiyyətə görə ballar verilir. Halbuki əsl "Bolonya sistemi" tələbələrin mühazirələrdə iştirakını məcburi etmir. Bizdə isə tələbələr məcburən mühazirələrə gəlməli və davamiyyət limiti saxlamalıdırlar. Bu limiti aşan tələbələr imtahana buraxılmır. "Bolonya sistemi"ndə belə qaydalar nəzərdə tutulmayıb.
Tam tətbiq edilməyəcəksə, bu sistemi qəbul etməyin nə mənası var? Bəlkə də öz milli təhsil modelimizi inkişaf etdirmək daha düzgün olardı. Düzdür, milli yanaşmalar hər zaman vacibdir. Sinqapurun uğurlu təhsil modeli buna yaxşı nümunədir. Lakin bizim sistem yarımçıq və uyğunlaşdırılmış şəkildə tətbiq edilir, nəticədə gözlənilən effektivlik təmin olunmur.
Fərdi işlərin yazılması da düzgün tətbiq edilmir. Hətta bu işlər pulla yazdırılır, bu isə təhsilin obyektiv qiymətləndirilməsinə kömək etmir. Standartların pozulması nəticəsində qiymətləndirmə sistemi mənasız hala gəlib.
Sistemə görə tələbə mobilliyi də təmin edilməliydi, amma bu sahədə də çatışmazlıqlar var. Tədris proqramları əmək bazarının tələbləri ilə uyğunlaşmayıb. Özəl və dövlət sektorlarında Avropada iş imkanlarının genişlənməsi gözlənilsə də, bu, baş verməyib.
Hazırda ali təhsilli insanların yalnız 42 faizi öz ixtisası üzrə iş tapır. Digərləri ya işləmir, ya da başqa sahələrdə çalışır. Təhsildə keyfiyyətin təminatını qura bilmədik, baxmayaraq ki, buna böyük ehtiyac var idi. Elektron təhsil sistemini tam həyata keçirə bilmədik.
Distant təhsil yalnız zəruri hallarda tətbiq olunur, amma normal vəziyyətdə bu təhsil üsulu qəbul edilmir. Beləliklə, "Bolonya sistemi" formal olaraq qəbul edilib, amma onun əsas prinsipləri və tələbləri tam yerinə yetirilmir”.
Aysel Ağakərimova