Elm və təhsil

"2023-2024 tədris ilində əsas yeniliklərdən biri təhsil proqramlarının yenilənməsi və müasir tələblərə cavab verməsidir.  Xüsusilə rəqəmsal dərs resurslarına böyük önəm verilib. Eyni zamanda, STEM tədris metodlarının genişləndirilməsi, təhsil müəssisələrində robototexnika və proqramlaşdırma dərslərinin artırılması bu ilki yeniliklər arasındadır".  

Bunu Crossmedia.az-a açıqlamasında təhsil üzrə ekspert Qoşqar Məhərrəmov  bildirdi.  

Dedi ki, bu  tədris ilindən etibarən Elm və Ali Təhsil Agentliyi ilə Məktəbəqədər və Ümumi Təhsil Agentliyi fəaliyyətə başlayıb. Hər iki agentlik təhsil sistemində ciddi islahatlar apararaq müsbət dəyişikliklərə imza atıb. Belə ki, Məktəbəqədər və Ümumi Təhsil Agentliyi Azərbaycan təhsil tarixində ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində müəllimlərin diaqnostik qiymətləndirilməsini həyata keçirib. Bu qiymətləndirmə nəticəsində müəllimlərin peşə bacarıqları təhlil edilib və növbəti mərhələdə onların sertifikasiyadan keçməsi planlaşdırılır. Digər tərəfdən, Elm və Ali Təhsil Agentliyi kolleclərə xüsusi diqqət ayıraraq, bu təhsil müəssisələrində idarəetməni gücləndirmək məqsədilə savadlı və yenilikçi gəncləri rəhbər vəzifələrə təyin edib. Bu dəyişikliklər, kolleclərin fəaliyyətinə yeni yanaşmalar gətirərək, tədrisin keyfiyyətini artırmağa yönəlmiş önəmli addımlardır.

-Qoşqar müəllim, təhsil ocaqlarında tədrisin keyfiyyətini artırmaq üçün nə kimi işlər görülür?

- Tədrisin keyfiyyətinin artırılması əsas prioritetlərdəndir. İlk növbədə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif təkmilləşdirmə kursları və təlim proqramları təşkil olunur. Eyni zamanda təhsil müəssisələrində yeni tədris metodlarının tətbiqi və innovativ texnologiyaların istifadəsi genişləndirilir. 

-Təhsil müəssisələrinin binalarının vəziyyəti haqqında nə deyə bilərsiz? Məsələn, elə məktəb binaları var ki, xüsusilə bölgələrdə hətta şəhərətrafı ərazilərdə təmirə ehtiyac yüksəkdir.

-Təhsil müəssisələrinin binalarının vəziyyəti fərqli bölgələrdə dəyişir. Paytaxt Bakı və böyük şəhərlərdə yenilənmiş və müasir standartlara uyğun təmir edilmiş məktəblər mövcuddur. Lakin bəzi bölgələrdə köhnə tikili təhsil ocaqları hələ də  qalmaqdadır. Təhsil Nazirliyi məktəb binalarının təmiri və yenidən qurulması üzrə layihələr həyata keçirir. Yəni proses davam edir.  Son illərdə yeni məktəblərin tikintisi və mövcud olanların təmiri sürətlənib. Ölkədə hər il təxminən 50-100 yeni məktəb binasının tikintisi və 100-dən çox məktəbin əsaslı təmiri həyata keçirilir. Xüsusilə kənd yerlərində köhnəlmiş məktəblərin yenilənməsi prioritet təşkil edir. 2024-cü il üçün planlaşdırılan təmir və tikinti işlərinin hədəfi, şagirdlərin təhlükəsiz və müasir təhsil mühitində dərs almasını təmin etməkdir.

-Təhsildə kişi və qadın müəllimlərin iştirakının bərabər təmin edilməsi istiqamətində hansı addımlar atılır?

-Təhsil sistemində cins bərabərliyinin təmin edilməsi önəmli bir məsələdir. Hazırda orta təhsil müəssisələrində qadın müəllimlərin sayı daha çoxdur, xüsusilə ibtidai təhsildə bu fərq nəzərə çarpır. Ali təhsil səviyyəsində isə kişilərin nisbəti artmaqdadır. 

- Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin  beynəlxalq standartlara uyğunlaşdırılması üçün hansı tədbirlər görülməlidir?

-Son illərdə beynəlxalq akkreditasiyalardan keçən universitetlərin sayı artıb və bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Təhsil Nazirliyi beynəlxalq əməkdaşlıqları genişləndirmək və yerli universitetlərin dünya reytinqlərində daha yüksək yerlərə qalxmasını təmin etmək üçün xüsusi islahatlar həyata keçirir. Həyata keçirilən bu tədbirlər ümid edirəm ki, yaxın gələcəkdə bəhrəsini verəcək, təhsil sahəsində olan problemlər həllini tapacaq.

Əsli Telmanqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il