Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsrailin Türkiyəyə mümkün hücumu ilə bağlı suala cavab olaraq bir televiziya proqramında bildirib ki, İsrail şübhəsiz ki, Türkiyəyə hücum edə bilər. Bəs yaxın vaxtlarda İsrailin Türkiyəyə hücum etməsi gözlənilirmi?
Məsələ ilə bağlı politoloq Həşim Səhrablı Crossmedia.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə istənilən dövlət özünün xarici siyasət istiqamətlərini, prioritetlərini müəyyən edərkən, dost və tərəfdaş ölkələr və ya dost və tərəfdaş ola biləcək ölkələrlə bərabər, düşmən və ya düşmən ola biləcək ölkələri də əvvəlcədən müəyyən edir:
"Məhz Türkiyənin İsrail siyasəti həm yaxın Şərqdəki ümumi siyasi vəziyyəti nəzərə aldığımızda, həm də tarixi aspektdən məsələyə baxdıqda xarici siyasət üçün düşmən kimi baxılmasa da təhlükə kimi qəbul edilir. Türkiyə də xarici siyasətini bunun üzərində qurur. Belə bir reallıq da var ki, istənilən düşmən dövlət real vəziyyət və yaxud onun üçün əlverişli vəziyyət yarandıqda həmin ölkəyə qarşı həm ərazi iddiaları baxımından, həm də digər məsələlərlə çıxış edə bilər. Ona görə də Türkiyə tərəfinin məhz bu hesablamalar nəticəsində İsrailin Türkiyəyə qarşı planlarının olduğu qənaətinə gəlməsi mümkündür. Amma bu gün həm Yaxın Şərqdəki, həm də dünyada baş verən ümumi hadisələri dəyərləndirdikdə biz görürük ki, İsrail Türkiyəyə hücum etmək iqtidarında deyil".
Həmçinin politoloq vurğulayıb ki, bu həm siyasi, həm də hərbi cəhətdən qeyri-mümkün bir məsələyə çevrilir:
"Siyasi cəhətdən ona görə qeyri-mümkündür ki , İsrailin Türkiyəyə hücum etməsi üçün əvvəlcə Livanı, Suriyanı müəyyən qədər də İraqı ram etməsi vacib olacaq. Burada ram etmək məsələsi sadəcə hərbi məsələ kimi başa düşülməməlidir, siyasi cəhətdən də bu ölkələri öz tərəfinə çəkməlidir, yaxud da o ölkələrdə özünün təyin etdiyi iqtidarlar formalaşdırmalıdır. Yalnız bundan sonra İsrail Türkiyə siyasətində daha radikal formada çıxış edə bilər. Digər tərəfdən işin siyasi cəhətinin əsas nüanslarından biri də odur ki, hər nə qədər İsrail hərbi-texniki baxımdan güclü olsa da, diaspora fəaliyyəti ilə bütün dünya dövlətlərinin üzərində müəyyən təsiri olsa da, Türkiyə də zəif və ya sıradan bir dövlət deyil, minillik bir dövlətdir. Baxmayaraq ki, Türkiyə Cümhuriyyətinin yüz yaşı var, amma Osmanlı imperiyasının rəsmi qaydada hüquqi varisi olduğu üçün onun tarixini biz daha qədimlərə qədər hesablamalıyıq. Bütün bu müddət ərzində Anadolu türklərinin nəinki yaxın Şərqdə eyni zamanda Qafqazda, Avropada, Asiyada digər qitələrdə çox ciddi əlaqələr qurduğunu görürük. Eyni zamanda siyasi cəhətdən həqiqətən də dünyanın ən təsirli ölkələrindən biri olduğunu yadda saxlamalıyıq. Ona görə də İsrail Türkiyə siyasətinə yanaşdıqda nə İran, nə Suriya, nə İraq, nə də ki Yaxın Şərqdəki digər dövlətlər qədər "başdansovdu" şəkildə yanaşmır. Türkiyəni ciddi bir rəqib kimi görür və Türkiyə siyasətində həmişə ehtiyatlı davranır".
Məsələnin hərbi cəhətlərinə də toxunan politoloq vurğulayıb ki, Türkiyə hərbi cəhətdən də zəif dövlət deyil və hətta İsraildən bir çox aspektlərdə öndədir:
"Ümumiyyətlə Türkiyə quru qoşunları baxımından, canlı qüvvə baxımından dünyanın ən hazırlıqlı ordularından birinə sahibdir. Türkiyənin hərbi-texniki imkanları da günbəgün artmaqdadır və heç də İsraildən geri qalmır. Eyni zamanda çox böyük hava donanmasına, hərbi-dəniz donanmasına sahib bir dövlətdir. Sadəcə İsraildən havadan müdafiə sistemləri baxımından biraz geri ola bilər, lakin kütləvi bir müharibə, yəni iki dövlət arasında hərtərəfli müharibə baş verərsə, İsrailin Türkiyəyə qalib gəlmək şansı yox dərəcəsindədir. Fikrimcə, İsrail Türkiyəyə rahat-rahat hücum edib, onsuz da çətin vəziyyətdə olduğu və dörd-beş dövlətlə paralel şəkildə mübarizə apardığı bir situasiyada özündən dəfələrlə güclü və təsirli bir dövləti özünə düşmən etmək istəməsəz. Ən azından yaxın perspektivdə bu mümkün görünmür. Həmçinin Türkiyə NATO üzvüdür, yəni İsrail tərəfi yaxşı başa düşür ki, onun Türkiyəyə hücumu, həm də NATO-ya hücumu olacaq. O cümlədən nəzərə almalıyıq ki, İsrailin ən böyük dəstəkçisi, məhz NATO-nun aparıcı dövlətləri - Amerika, İngiltərə və Almaniyadır. İsrailin Türkiyəyə hücum etdiyi anda məhz həmin dövlətlər də artıq İsrail siyasətində müəyyən qədər yumşalmaya gedə bilərlər, çünki həmin dövlətlərə bugün NATO hava və su qədər lazımdır. Britaniyanın, Amerikanın Çin və Rusiyaya qarşı, eyni zamanda İrana qarşı cəbhə aldığı bir vaxtda dünyanın ən böyük hərbi və beynəlxalq təşkilatı olan NATO-nu öz əlləri ilə məhv etmələri real görünməz. Ona görə də bütün aspektlərdən dəyərləndirdikdə İsrailin Türkiyəyə qarşı hər hansı bir addım atmağa gücünün çatmadığını görürük. Hərbi-siyasi şəraitin, ümumi dünyəvi hadisələr fonunda geosiyasi vəziyyətin də buna imkan vermədiyini müşahidə edirik".
Gülşad İbrahimova