İqlim dəyişikliyi, təbiətin məhvi kimi bəşəriyyətin qarşı-qarşıya qaldığı əsas ekoloji problemlərin qarşısının alınması və “yaşıl enerji”yə keçidi təyin etmək üçün ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP-29) müxtəlif ölkələrin prezident, baş nazirləri və bir sıra nümayəndələri təşrif buyurublar. Lakin müəyyən "bəhanələrlə" belə bir tədbirdən yayınan ölkə başçıları da oldu. Bunların içərisində, İran Prezidenti Masud Pezişkianın da adını çəkmək mümkündür. Belə olduğu təqdirdə, İranın qeyri-sabit addımları müxtəlif mənfi fikirlər doğurur. Maraqlıdır, İran bu hərəkətləri ilə diqqəti hansı istiqamətlərə yönəltmək istəyir?
Mövzunu Cross Media Analitik Qrupunun eksperti, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Vüqar Zifəroğlu şərh edib. O, bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın COP-29 iqlim sammitində iştirak etmək üçün Azərbaycana planlaşdırılmış səfərindən imtina etməsinə səbəb kimi bir neçə amil göstərilir:
"İranın rəsmi mənbələri bildirir ki, Pezeşkianın Bakıya səfərə gəlməməsi İsrail nümayəndə heyətinin sammitdə yüksək səviyyədə iştirak etməsi ilə bağlıdır. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakına görə Məsud Pezeşkianın Bakıya gəlmədiyini açıqladı. Halbuki əvvəldən də elan edildiyi kimi, İsrail Prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək. Faktiki olaraq, məsələn COP28-də olduğu kimi, İran prezidentinin məhz İsrail nümayəndə heyətinə görə tədbirə qatılmaması üçün əsas yox idi. Məhz buna görə səfərin baş tutmaması ilə bağlı digər ciddi məqamlar da diqqət çəkməkdədir".
Ümumiyyətlə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan COP29 zirvəsinə qatılmaması üçün İranın mühafizəkar dairələrindən güclü təzyiqlər var idi və hətta bu özünü həmin qanada yaxınlığı ilə seçilən media orqanlarında yayımlanan məqalələr və açıqlamalarda da aydın şəkildə göstərirdi:
"Hətta Ali Dini Liderin nümayəndəsi Hüseyn Şəriətmədari, Pezeşkianın Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbirdə iştirakını "İranın maraqlarına və nüfuzuna zərər verəcək bir tələ" kimi xarakterizə edərək onun səfərdən çəkinməsini tələb etmişdi. Bu təzyiqlər əsasən iki faktordan qaynaqlanır: İsrailin COP29 zirvəsində iştirak etməsi və Azərbaycanın regiondakı son geosiyasi dəyişikliklərdəki mövqeyi; İranın bəzi mühafizəkarları Azərbaycanın Qafqaz regionunda apardığı müstəqil siyasətlə razılaşa bilmirlər və son illərdə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etməməkdə israrlıdırlar".
Zifəroğlu əlavə edib ki, başqa bir məqam isə İranın fosil yanacaqlara əsaslanan iqtisadiyyatını dayanıqlı enerji mənbələrinə keçirməyə dair BMT-nin tələbləri barədə ciddi narahatlığıdır. Bu dəyişikliklərin ölkənin iqtisadiyyatına ciddi maliyyə yükü gətirə biləcəyi bildirilir və İran maksimum dərəcədə bu tələbə müqavimət göstərməkdədir.
Aytac Kərimova