ABŞ-da 5 noyabr 2024-cü il prezident seçkilərində Donald Tramp və Kamala Harris kimi fərqli xarici siyasət yürüdülməsi mövqeyinə sahib namizədlər mübarizə aparır. Bu namizədlərin hər biri Cənubi Qafqaza, xüsusilə də Azərbaycana fərqli yanaşmalar təklif edir. Maraqlıdır, ABŞ prezidentliyinə gələcək Trampın praqmatik yanaşması, yoxsa Harrisin insan hüquqları və demokratik dəyərlərə fokuslanan mövqeyi Azərbaycanın maraqlarına daha uyğun ola bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a verdiyi açıqlamada politoloq Elçin Xalidbəyli ABŞ siyasətinin Cənubi Qafqazdakı proseslərə təsirini dəyərləndirərək, Bayden və Trump administrasiyalarının fərqli yanaşmalarını vurğulayıb. Politoloq, Bayden Administrasiyasının Cənubi Qafqazda sülhdən danışarkən, əslində müharibə riskini artıran addımlar atdığını iddia edir və bunun regionda gərginliyin azalmasına deyil, əksinə, artmasına səbəb olduğunu qeyd edir. Bayden Administrasiyasının Ermənistanla yaxın əlaqələr qurmağa çalışdığını, hətta gizli hərbi bazaların yaradılmasından bəhs edən məlumatların olduğunu bildirib.
Politoloq qeyd edib: “Bayden Administrasiyasının Kamala Harrisin prezidentlik timsalında davam etməsi Cənubi Qafqaz üçün yaxşı nəticələr vəd etmir və eyni zamanda Azərbaycanın maraqlarına da uyğun gəlmir. Trump Administrasiyasının vaxtilə apardığı siyasətə nəzər salsaq, o dövrdə Azərbaycanın tarixi zəfəri ilə nəticələnən 44 günlük müharibə məhz prezident Trumpın hakimiyyəti dövrünə təsadüf etmişdi. Prezident Trump və onun administrasiyası Cənubi Qafqazda baş verən hadisələrə demək olar ki, reaksiya verməmişdi, yəni müdaxilə etməmişdi. Nəticədə, Cənubi Qafqazda iki dövlət arasında on illərlə davam edən hərbi qarşıdurma kənar müdaxilə olmadan həll edilmişdi”.
Politoloq hesab edir ki, ABŞ-də hakimiyyətin dəyişməsi və Donald Trumpın yenidən prezident seçilməsi, Ermənistanın ABŞ tərəfindən aldığı dəstəyi itirməsi riskini doğura bilər. Trumpın Ermənistan diasporunun təsiri altında siyasət yürüdəcəyini düşünmək sadəlövhlük olar, çünki onun xarici siyasətinə təsir edən digər prioritetləri var və erməni faktoruna boyun əyməsi inandırıcı deyil.
Politoloq vurğulayır ki, əgər Trump yenidən hakimiyyətə gələrsə, ABŞ-ın regiondakı müdaxiləsinin indiki səviyyədə olmaması və daha çox Azərbaycanla əməkdaşlığa yönəlməsi gözlənilir. Bu, regionda sülh və sabitliyə xidmət edə bilər və Azərbaycanın geosiyasi mövqeyini dəstəkləyən bir siyasi xəttin qurulmasına səbəb ola bilər.
Beləliklə, E.Xalidbəyli, Trumpın yenidən prezident seçilməsinin Cənubi Qafqaz və xüsusən də Azərbaycanın maraqları baxımından daha əlverişli bir variant olduğunu qeyd edir və bu dəyişikliyin regionda sabitlik və təhlükəsizliyi gücləndirəcəyinə ümid edir.
Nihat Tahirov