Hadisə

“Uşaqlar və ekologiya” mövzusuna həsr edilmiş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Uşaq Səfirlər Məclisinin (USM) üzvləri ilə görüşü keçirilib.

Komitədən bildirilib ki, görüşdə sədr gənclərin ölkəmizin, xalqımızın, gələcəyimizin və ən əsası insan kapitalının ən əhəmiyyətli hissəsi olduğunu vurğulayıb.

Məclisin üzvlərinin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq işləri ilə əlaqədar bir sıra qurumlar və nazirliklərdə görüşlərinə diqqət çəkən sədr, onların aktiv fəaliyyətini yüksək qiymətləndirib. Xüsusilə də yaşlarına uyğun vacib olan vəzifələrin, öhdəliklərin, dərs yükü ilə bərabər ictimai fəaliyyətlə də məşğul olmanın çox yaxşı nümunə olduğunu qeyd edib.

B.Muradova, USM layihəsi çərçivəsində səfirlərin uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər, onları narahat edən məsələlərlə bağlı fikir və təkliflərini çatdırmaq imkanı əldə etdiklərini bildirib.

Komitə sədri bütün dünyada yaşıl enerji keçidlərinin yaşandığı bir zamanda təbiətə qayğı ilə yanaşmağın, onu qorumağın önəmindən danışıb. Yaşıdları ilə ünsiyyətdə hörmət və anlayışlı davranmağı, problemlərlə qarşılaşdıqda ruhdan düşməməyi tövsiyə edib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində öz öhdəliyinə düşən iş bölgüsü haqqında komitə sədrinə məlumat verib, bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildiriblər. Qeyd ediblər ki, hazırda ekspertlərin də cəlb olunduğu müxtəlif mövzularda olan işçi qruplarda aktiv müzakirələr aparılır.

USM-in problemlərin həlli ilə bağlı təşəbbüs və təkliflərlə çıxış etmək üçün uğurlu platforma olduğunu bildirən uşaqlar məclisdəki fəaliyyətləri dövründə qazandıqları bilik və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına əminliyini ifadə ediblər. Qeyd ediblər ki, böyük qürur hissi ilə yorulmadan, davamlı olaraq qarşıya qoyulmuş məqsədlərə doğru fəaliyyəti həyata keçirir və bu yaşda böyük təcrübələr əldə edirlər. 15 nəfərlik bir komanda olaraq ölkənin hər bir regionunda fəaliyyət göstərən nümayəndələr vasitəsilə daim Azərbaycan uşaqlarının inkişafına töhfə verməyə çalışdıqlarını diqqətə çatdırıblar.

Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib.

Sonda B.Muradova USM-in yeni üzvlərinə məclisin üzvlük vəsiqəsini təqdim edib.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il