COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı informasiya müharibəsi genişlənməkdədir. Bu çərçivədə, Qərb mediasında və sosial şəbəkələrdə yanlış və yanıltıcı məlumatlar yayılır.
Məsələ ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda COP29-a qarşı aparılan bilgi çirkliliyinin şahidi oluruq:
“Təkcə X platformasında deyil, ayrı-ayrı Qərb mediasında belə qarşıdan gələn bu mötəbər, olduqca önəmli və qlobal xarakterli tədbirin sırf Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəmizə yönəlmiş informasiya çirkliliyinin yaradıldığını müşahidə edirik. Azərbaycanla bağlı son illərdə Qərb tərəfindən dəfələrlə bu cür bilgi çirkliliyi və informasiya müharibəsinin müəyyən elementlərinə məruz qalırıq. Hazırda aparılan kampaniya da yenə Azərbaycana qarşı informasiya müharibəsinin, bilgi çirkliliyinin və manipulyasiyanın bir tərkib elementi kimi qəbul edilməlidir”.
V.Zifəroğlu həmçinin qeyd edib ki, burada məqsəd Azərbaycanı bəzi güzəştlərə vadar etmək, bir sıra şərtlərini qəbul etdirmək və öz hədəflərinə uyğun olaraq Azərbaycanı müəyyən addımlar atmağa məcbur etməkdir:
“Bundan əvvəl də, indi də, bundan sonra da bizə qarşı informasiya müharibəsi aparan qüvvələr də bilirlər ki, Azərbaycan heç bir halda öz milli maraqlarına əsaslanan siyasətindən geri çəkilməyəcək. Sadəcə burada məqsəd Azərbaycanın imicini zədələmək və dünya ictimaiyyətində ölkə haqqında mənfi rəy formalaşdırmağa çalışmaqdır”.
Vüqar Zifəroğlu belə halların qarşısını almaq üçün üzərimizə olduqca ciddi əhəmiyyətli vəzifələr düşdüyünü diqqətə çatdırıb:
“İlk növbədə, Azərbaycan mediasının, QHT-lərinin, ictimai və elm adamlarının üzərinə böyük və məsuliyyətli iş düşür. Həqiqətin nədən ibarət olduğunu və reallılığı yorulmadan, mütəmadi və sistemli şəkildə dünya ictimaiyyətinə çatdırmaq istiqamətində necə fəaliyyət göstərmişiksə, bundan sonra da elə göstərməyə davam etməli, hətta daha böyük əzm və qüvvə ilə bu məsələdə səylərimizi artırmalıyıq”.
V.Zifəroğlu son olaraq onu da qeyd edib ki, bu bilgi çirkliliyi və informasiya müharibəsinin heç bir nəticəsi olmayacaq, bu istiqamətdə kampaniyanı aparan qüvvələr heç bir hədəflərinə nail ola bilməyəcəklər.
Aytac Bəhruzqızı