30 illik işğal tarixinə malik Ermənistan, keçən əsrin sonlarından başlayaraq, yalnız Azərbaycanlı olduqları üçün milyonlarla vətəndaşımızı həm doğma yurdlarından didərgin salıb, həm də Azərbaycanın 20% ərazisini işğal edib.
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlaması zaman bildirib:
Onun sözlərinə görə, BMT-nin 4 qətnaməsinə baxmayaraq, Ermənistan ardıcıl olaraq Azərbaycana qarşı təxribatçı bəyanatlar verib və danışıqlar prosesini məqsədli şəkildə pozub:
“Ermənistan fasiləsiz olaraq Azərbaycana qarşı hərbi təxribatlar törədib və təmas xəttində gərginlik davamlı şəkildə artıb. Cəbhə xəttinə yaxın ərazilərdə hücum silahları və əlavə qoşunlar cəmləşdirilib. Böyük miqdarda silah-sursatın Azərbaycan ordusunun mövqelərinə yaxın yerləşdirilməsi, Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını sübut edirdi”.
Ə.Verdiyev vurğulayıb ki, Azərbaycan tərəfindən verilən bəyanatlar Ermənistan tərəfindən nəzərə alınmır. BMT-nin Təhlükəsizlik Şurasının qərarları, Azərbaycanın işğal altındakı torpaqlarını hər hansı bir şəkildə azad etməyə dair çağırışlar, Ermənistan tərəfindən qətiyyən diqqətə alınmayıb. Növbəti erməni təxribatlarından birində Azərbaycan Vətən Müharibəsinə başladı və cəmi 44 gün ərzində ərazilərimizin böyük hissəsini erməni silahlılarından təmizlədi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçdi:
“Ermənistanın yaratdığı “Ohanyan xətti” kimi tanınan mühəndislik müdafiə sistemləri, cəsur əsgər və zabitlərimiz tərəfindən bir neçə saat ərzində darmadağın edildi. Qələbə xəbərləri ardıcıl olaraq Şuşanın azad edildiyi günə qədər gəldi”.
Sonra, Qarabağ iqtisadi rayonunda, Azərbaycanın rus kontengentinin müvəqqəti nəzarətində olan ərazilərdə bir sıra əməliyyatlar həyata keçirildi. Son terror əməliyyatı ilə separatizmə son qoyuldu və ərazilərimizdə bu təhlükə birdəfəlik aradan qaldırıldı,- deyə Ədalət Verdiyev bildirib:
“Bugün, Ali Baş Komandanımızın rəhbərliyi altında, Azərbaycan xalqı və qəhrəman ordumuz 4-cü ildir Zəfər Gününü qeyd edir. Bu, Azərbaycanın ən şərəfli səhifəsidir”.
Ə.Verdiyev bildirib ki, Azərbaycan 21-ci əsrin tək qalib ölkəsi, Ermənistan isə iki dəfə kapitulyasiya aktı imzalamış və fərari bir orduya sahib ölkədir.
Ekspert həmçinin son olaraq onu da qeyd edib ki, dünya artıq Azərbaycan xalqının və ordusunun nəyə qadir olduğunu görüb. Azərbaycan işğalçı ölkə üzərində tarixi zəfər çalaraq, adını qalib ölkələr sırasına yazdırıb:
“Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz qələbənin simvolu olaraq daim qeyd ediləcək”.
Aytac Bəhruzqızı