CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: xidmət sektoru

11:30 07.11.2026

Xidmət sektorunda milli brendlərin formalaşması və Azərbaycanın identikliyi məsələləri

1909

Qloballaşma şəraitində milli iqtisadiyyatların rəqabət qabiliyyəti yalnız istehsal həcmi və ya texnoloji inkişaf səviyyəsi ilə deyil, eyni zamanda ölkənin özünəməxsus dəyərlərini iqtisadi sistemə inteqrasiya etmə bacarığı ilə müəyyən olunur. Bu kontekstdə milli brendlər həm iqtisadi, həm də mədəni identikliyin daşıyıcısı kimi çıxış edir və ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatında son illərdə aparılan islahatlar qeyri-neft sektorunun inkişafını prioritet istiqamət kimi müəyyən etmişdir. Bu istiqamətdə “Made in Azerbaijan” təşəbbüsü yerli məhsul və xidmətlərin beynəlxalq bazarlarda tanıdılması üçün strateji platforma rolunu oynayır. Mövcud potensiala baxmayaraq, milli brendlərin sistemli və davamlı şəkildə formalaşdırılması, onların rəqəmsal mühitdə effektiv təqdimatı və qlobal bazarlara inteqrasiyası hələ də aktual olaraq qalır. Milli brendlərin inkişafı yalnız iqtisadi faktorlarla məhdudlaşmır; bu proses həm də xalqın tarixi-mədəni irsinin müasir iqtisadi modelə uyğunlaşdırılmasını tələb edir. Azərbaycanın zəngin mədəni elementləri – o cümlədən kəlağayı sənəti, xalçaçılıq ənənələri, milli mətbəx və çay mədəniyyəti – düzgün brendləşmə strategiyası ilə yüksək əlavə dəyər yaradan iqtisadi resursa çevrilə bilər. Eyni zamanda, rəqəmsallaşma və yeni texnologiyalar milli brendlərin təşviqində yeni imkanlar açır. Sosial media platformaları, e-ticarət sistemləri və rəqəmsal marketinq alətləri vasitəsilə lokal məhsulların qlobal auditoriyaya çıxışı daha əlçatan olmuşdur. Bu isə milli dəyərlərin yalnız qorunması deyil, həm də müasir bazar mexanizmləri vasitəsilə kommersiyalaşdırılması üçün əlverişli şərait yaradır.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər