Son illər bölgələrdən Bakıya sürətli axın baş verir. Əhali daha çox dolanışıq üçün rayonlardan paytaxta üz tutmaqda davam edir. Bu günə qədər regionların inkişafı ilə bağlı qəbul edilən proqramlar yerli sakinlərin gəlir əldə etməsinə səbəb olmayıb. Ona görə də rayonlardan Bakıya axın edən insan sayı azalmır. Axının qarşısını almaq istiqamətində regionların inkişafına yönəlik bir sıra yeni proqramlar həyata keçirilməlidir.
Bəs bölgələrdən Bakıya sürətli axının səbəbləri nələrdir? Rayonlarda iş yerlərinin az olması və problemin həll yolları varmı və bölgələrə geri dönüş necə həyata keçirilməlidir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Crossmedia.az-a bildirib ki, sürətli daxili miqrasiyanın əsas səbəbi iqtisadiyyatın qeyri-taraz inkişafıdır:
“Xüsusilə müstəqillik dövründə Azərbaycan iqtisadiyyatının resurs əsaslı inkişafı, iqtisadiyyatın Abşeron yarımadası və paytaxtda təmərküzləşməsinə gətirib çıxartdı. Bu özünü bütün iqtisadi parametrlərdə göstərir. Təxminən ölkə iqtisadiyyatının 75-80 faizi məhz bu bölgənin payına düşür. 2000-ci illərin əvvəlindən etibarən inşaat sektorunun inkişafı ilə Bakıda əmək bazarı inkişaf edirdi. Regionlarda isə tamamilə əks proses gedirdi. SSRİ dağıldıqdan sonra iqtisadi institutlar üzərində çox ləng bərpa prosesi baş verdi. Demək olar ki, təsərrüfat məhv olmuşdu. Kolxozlar, sovxozlar, kəndlərdə və qəsəbələrdə iş yeri yaradan iqtisadi subyektlər sıradan çıxmışdı və Azərbaycan qısamüddətli adaptasiya da uğurlu olmadı. Eyni zamanda torpaq islahatlarının qeyri-səmərəli təşkili əhalinin paytaxta üz tutmasına gətirib çıxartdı”.
Rəşad Həsənov əhalinin Bakıya üz tutmasının digər səbəblərindən də söz açıb:
“Keyfiyyətli təhsil, səhiyyə xidmətləri, sosial institutların Bakıda yerləşməsi, regionlarda bu istiqamətdə zəif inkişaf, həmçinin XX əsrin əvvəllərindən başlayan və indi də davam edən urbanizasiya prosesi əhalinin Bakıya üz tutmasının digər səbəblərindəndir”.
İqtisadçı ekspert həmçinin bildirib ki, sürətli axının səbəblərindən ən əsası işsizlikdir. O, regionlarda iş yeri yaratmaq mövzusuna xüsusi toxunub:
“Regionlarda iş yeri yaratmaq üçün ilk növbədə iqtisadi siyasət liberallaşdırılmalıdır. Hər bir bölgənin resursları müəyyən edilməlidir. Kənd təsərrüfatı resursları və torpaq ehtiyatları ilə zəngin bölgələrdə aqrar sektorun dəstəklənməsinə ehtiyac var. Bu yolla tarazlı inkişaf qoruna bilər. Belə olduğu halda paytaxta miqrasiya meyilləri aşağı düşə bilər və iqtisadi resurslar bölgələr arasında düzgün paylana bilər. Regionlarda infrastrukturun təkmilləşdirilməsi, iqtisadi faktorlara əlçatanlığın artırılması dövlətin prioritet siyasət istiqaməti olmalıdır”.
Rəşad Həsənov onu da qeyd ki, Bakıya miqrasiya edən hər kəsin xoşbəxt olduğunu demək olmaz. Onların böyük əksəriyyətinin paytaxtda olan həyat tərzi daha acınacaqlıdır:
“Qeyri-münasib həyat tərzi, gərgin iş şəraiti, yorucu şəhər həyatı sakit mühitdən çıxmış insanlara çox ciddi çətinliklər yaradır. Onların evi, ailəsi çox zaman regionlarda qalır. Öz bölgələrində gəlir mənbəyinin olması həmin insanlar üçün daha avantajlıdır. Düşünürəm ki, hökumət bu istiqamətdə yeni addımlar atmalıdır. Amma mövcud siyasət inkişafı dəstəkləyə bilməz. Tamamilə yeni baxış ortaya qoyulmalıdır. İqtisadi siyasət liberallaşdırılmalıdır, sərt mərkəzləşdirilmiş idarəetmə sistemindən imtina edilməlidir, yerli özünüidarəetmə institutları möhkəmləndirilməlidir, ədalətli seçki amilləri dəstəklənməlidir, seçilən idarəedicilər ilə insanlar arasında əlaqə yaradılmalıdır və idarəedicilər, seçilmiş orqanların rəhbərləri başa düşməlidir ki, onlar xalqa xidmət etməlidir. Yalnız bu yolun sonunda müəyyən inkişafa nail olmaq mümkündür”.
Bahar Musayeva