Yaşlılar arasında yayılmış, lakin kifayət qədər tanınmayan Diogen Sindromu ciddi laqeydlik və sosial təcrid problemləri ilə müşayiət olunan psixoloji bir vəziyyətdir. Bu sindromdan əziyyət çəkən yaşlı insanlar şəxsi gigiyena və ətraf mühitə qarşı hədsiz laqeydlik göstərir, hətta kütləvi yığım davranışına meyilli olur. Bu vəziyyət onların həm fiziki, həm də psixoloji sağlamlığına zərər vurur və cəmiyyətlə olan əlaqələrini kəsir. Mütəxəssislər, Diogen Sindromunun səbəbləri tam dəqiq bilinməsə də, bunun əsasən tək yaşamaq, psixoloji travmalar və nevroloji pozğunluqlarla bağlı olduğunu düşünürlər. Belə hallar yaşlıların həyat keyfiyyətini azaldır və onlara sosial dəstək sistemlərinin gücləndirilməsinin vacibliyini gündəmə gətirir.
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu sindromu yaşayan şəxslər gigiyenik tələblərə əməl etmir, yaşadıqları mühiti səliqəsiz və çirkli saxlamaqla yanaşı, sosial təcridə də meylli olurlar:
"Diogen Sindromunun səbəbləri çoxşaxəli və kompleksdir. Yaşlı insanlarda depressiya və həyəcan-təşviş Diogen Sindromunun inkişafında mühüm rol oynayır. İnsanın özünə və ətraf mühitinə olan marağı azalır, bu da gigiyenaya və yaşayış mühitinin təmizliyinə laqeyd yanaşmaya gətirib çıxarır. Digər tərəfdən, yaşlı insanlar ailə və dostlarını itirmək, sosial təcrid və tənhalıq hissləri səbəbindən Diogen Sindromuna meylli ola bilərlər.
Bundan əlavə, şizofreniya və ya digər psixotik pozuntular da Diogen Sindromunun yaranmasına təsir göstərə bilər. Belə hallarda şəxsiyyət pozğunluğu və qərar qəbul etməkdə çətinlik yaşanır ki, bu da gigiyenik qayğıların nəzərdən qaçmasına və nizamsız davranışlara gətirib çıxarır. Altsheymer və digər demans növləri yaşlı insanlarda koqnitiv funksiyaların azalmasına səbəb olur ki, bu da Diogen Sindromu əlamətlərinə bənzər davranışlar ortaya çıxara bilər. Koqnitiv zəifləmə insanın düzgün qərar vermə bacarığını pozur və özünə qarşı laqeydliyə səbəb olur.
Keçmişdə yaşanan ağır travmalar, itkilər və ya çətinliklər insanın həyatında dərin izlər buraxa bilər ki, bu da yaşlılıqda Diogen Sindromu kimi təzahür edə bilər. Digər bir səbəb kimi yaşlılıqda bəzən ümumi həyat enerjisinin azalması, motivasiyanın olmaması göstərilir. İnsanlar həyatdan zövq ala bilmədikdə və iradələrini itirdikdə, bu vəziyyət gigiyena qayğılarına da təsir edir."
Psixoloq sonda əlavə edir ki, Diogen Sindromunun müalicəsi asan deyil:
"Bu sindromun müalicəsi çətin olsa da, psixoloji dəstək, sosial əlaqələrin qurulması, ailə üzvlərinin və sosial xidmətlərin dəstəyi ilə vəziyyəti idarə etmək mümkündür".
Nərgiz Orucova