Texnologiyaların sürətli inkişafı insanlar üçün çox şeyi əlçatan edib. İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevrilib, istifadəçilərinin sayı xeyli artıb. İstifadəçilər arasında gənc nəslin nümayəndələri, uşaqlar çoxluq təşkil edir. Sosial şəbəkələrin əlçatanlıq, məlumatlandırma və digər müsbət tərəfləri ilə yanaşı, ciddi problemlər yarada bilən mənfi tərəfləri də var. Xüsusən uşaqların belə platformalardan istifadə etməsi onların psixologiyasına təsir edir.
Mövzuyla bağlı psixoloq Sibel Piriyeva Crossmedia.az-a açıqlama verib. Psixoloq düzgün ailə tərbiyəsindən sonra nə sosial şəbəkənin, nə də ətraf mühitin uşaqlara təsir etmədiyini qeyd edib:
"Uşaqlar tərbiyəni ailədən alırlar.Tərbiyənin iki qızıl qaydası var:sərhədlilik və tutarlılıq. Sərhəd dedikdə sağlam disiplin nəzərdə tutulur. Sağlam disiplinin hər zaman davam etdirilməsi isə tutarlılıqdır. Hər iki qayda ilə uşaqda sağlam tərbiyə bünovrəsi qoyulur. Düzgün tərbiyədən sonra nə sosial şəbəkə, nə də ətraf mühit uşağa təsir edə bilmir.
Tərbiyəsinə uyğun olmayan şeylər gördükdə və ya həmin mühitin içində olduqda uşaq artıq özü onlara qarşı sərhəd qoya bilir. Təkcə sosial şəbəkələr yox, cəmiyyət də insana təsir edə bilir məsələ burada ailədən gələn tərbiyə ilə sərhəd qoymaqdır".
Psixoloq valideynlərin nə etməli olduqlarını bildirib: "Valideynlər öncə uşaqlarda dediyim qızıl qaydanı tətbiq etməlidirlər. 3 yaşdan sonra uşaqlara telefon zaman limiti ilə verməlidir. Valideynlər məktəbli yaşlarında da günün müəyyən saatı telefona baxmağa icazə verməli və nəzarət etməlidirlər. Nəzarət vacib məsələdir. Valideynlər bilməlidirlər ki, övladları telefonda nəyə baxırlar. Uşaqların sosial şəbəkədə gördükləri onlarda qorxu, özgüvənsizlik, aqressiya yarada bilər. Yaranan bu hallar da uşaqda psixoloji problemlərə səbəb olar".
Zeynəb Mustafazadə