Məktəb mühitində sosial bərabərlik anlayışı xüsusi yer tutur. Təhsildə bərabərliyi təmin etmək və şagirdlər arasındakı fərqlilikləri azaltmaq aktual problemlərdəndir. Sosial ədalət anlayışı təhsil baxımından təhlil edilməlidir.
Beləliklə “Məktəbdə uğur və uğursuzluğun sosial mühitlə əlaqəsi varmı?”, “Sosial mövqeyin təhsil uğurlarına təsiri nələrdir?”, “Sosial ədalət və bərabərlik prinsiplərinə uyğun bir təhsil sistemi necə qurula bilər?”, “Təhsildə sosial nəzarət hansı səviyyədədir?” kimi suallar ortaya çıxır.
Mövzu ilə bağlı suallarımızı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, azərbaycanlı gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Crossmedia.az-a cavablayıb:
“Məktəb özü sosial və ictimai mühitdir. Məktəbdə uğurun birbaşa sosial mühitlə əlaqəsi var. Məktəb və təhsilin subyektləri müəllimlər, şagirdlər və valideynlərdir. Nəzərə alsaq ki, şagirdlər hərəsi fərqli sosial mühitin məktəbə daşıyıcılarıdır, bu baxımdan həmin sosial mühit nə qədər sağlam, hazırlıqlı və savadlı olacaqsa, bu birbaşa tədris prosesinə müsbət təsir göstərəcək”.
İlqar Orucov son illərdə məktəblərdə baş verən xoşagəlməz hadisələrdə ailələrin rolundan da söz açıb:
“Ailələr özlərini təhsilin bir hissəsi kimi hiss etməlidir. Şagird gününün sadəcə bir hissəsini məktəbdə keçirir. Biz həftəsonlarını da nəzərə alsaq, bu müddət kifayət qədər qısalır. Şagird əsasən ailədə, ailəni əhatə edən sosial mühitdə olur. Şagird ailədə olan yaxşı və pis xüsusiyyətlərin daşıyıcısı olur. Biz bu mənada cəmiyyətimizin sağlamlaşmasının, inkişafının tədris prosesində böyük təsirə malik olduğunun fərqində olmalıyıq”.
Ekspert sosial mövqeyin təhsil uğurlarına təsirindən də söz açıb:
“Əlbəttə ki, sosial mövqeyi yaxşı olan ailələrdə şagirdlər üçün kifayət qədər geniş imkanlar yaranır. Lazımdır ki, bu imkanlar doğru yönə istiqamətləndirilsin. Sosial mövqe həm də şagirdlərin təlim-tərbiyəsində vasitə olaraq öz müsbət izlərini buraxsın. Biz bəzən cəmiyyətdə bu prosesin əksini də görürük. Bəzən sosial mövqeyi kifayət qədər imkanlı olan ailələrdə də neqativləri görürük. Burada artıq tərbiyə məsələsi önə çıxır”.
İlqar Orucov “Sosial ədalət və bərabərlik prinsiplərinə uyğun bir təhsil sistemi necə qurulmalıdır?” sualını da cavablandırıb:
“Bizim konstitusiyamızda hər bir vətəndaşın təhsil almaq hüququ var və bu təmin olunur. Bu gün sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün təhsil hüquqları bərabərdir. Dövlət həm də sosial baxımdan həssas qrupların təhsilinə kifayət qədər yardımlar həyata keçirir. Biz bu gün baxsaq, görərik ki, sosial baxımdan imkansız insanlar üçün dövlətimizin bir çox proqramları və normaları var. Bu baxımdan hesab edirəm ki, sosial ədalət və bərabərlik prinsiplərinə uyğun təhsil sistemi ölkəmizdə mövcuddur. Yetər ki, insanlar təhsilli olmaq istəsinlər, təhsilin cəmiyyətin, dövlətin inkişafında rolunu düzgün qiymətləndirsinlər və imkanlardan istifadə edə bilsinlər”.
Ekspert təhsildə sosial nəzarətin hansı səviyyədə olmasından danışaraq bildirib ki, burada həm də ictimai nəzarət nəzərdə tutulur:
“Hesab edirəm ki, təhsilə ictimai nəzarət daha yaxşı səviyyədə qurula bilər. Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunan 11 nəfərlə bütün sosial və ictimai nəzarəti həyata keçirmək mümkün deyil. Cəmiyyət bu məsələlərdə öz missiyasını düzgün başa düşməlidir. İctimai nəzarəti həyata keçirən qurumlar mətbuat, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və cəmiyyətin aktiv ictimai kəsimidir. Elm və Təhsil Nazirliyi ictimai müzakirələrə hər zaman açıqlıq nümayiş etdirib və ictimai rəy böyük təsir imkanlarına malikdir. Yetər ki, biz həvəskar yox, peşəkar insanların fəaliyyətini düzgün dəyərləndirə bilək. Mən düşünmürəm ki, bizdə bütövlükdə ictimai nəzarət zəifdir. Amma onun inkişaf etdirilməsi üçün imkanlar tükənməyib və imkanlar hədsizdir”.
“Hesab edirəm ki, ağıllı cəmiyyətlər hər zaman ictimai rəyə böyük önəm verirlər. Çünki təhsil ictimai mühit formalaşdırır. Bu ictimai mühitdə münasibətlər düzgün tənzimlənməsi, təşəbbüslərin düzgün çatdırılması ümumi işin xeyrinədir. Bu məsələdən qaçmaq düzgün deyil. Bu məsələlərə açıqlıq, təhsilin keyfiyyətinin artırılmasında, məktəb mühitinin sağlamlaşdırılmasında, tərbiyə mühitinin düzgün qurulmasında, milli dəyərlər əsasında vətəndaş yetişdirilməsində mütləq şəkildə rol oynayır. Əsas odur ki, biz bu məsələləri düzgün qiymətləndirə bilək”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.
Bahar Musayeva