BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoş niyyət səfiri olan məşhur ingilis aktyor Teo Ceyms Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılıb.
Crossmedia.az xəbər verir ki, aktyor BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) “İqlim fəaliyyəti üçün qaçqınlar” şəbəkəsinin təqdimat mərasimində iştirak edib. Bu təşəbbüs məcburi köçkün icmalarının qlobal iqlim müzakirələrində səslərinin daha güclü eşidilməsi üçün nəzərdə tutulub.
Teo Ceyms çıxışında iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara daha böyük dəstək göstərilməsini və qaçqınların iqlim siyasətinə daxil edilməsini tələb edib.
Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan, lakin yetərli dəstək ala bilməyən qaçqınlar, məcburi köçkünlər və onlara ev sahibliyi edən icmalar üçün dəstək tələb etmək məqsədilə COP29-a qatılıb. UNHCR bu qrupların siyasi proseslərdə, maliyyə dəstəyində və həyati əhəmiyyətli qərarlarda təmsil olunmalarının onların haqqı və effektiv həll yolları üçün vacib olduğunu vurğulayıb.