Ağ Ev sözçüsünün istefası ilə yeni detallar məlum olub
Ağ Ev sözçüsü Karolin Livitt ailəsinə daha çox vaxt ayırmaq məqsədilə ayın sonunda vəzifəsindən ayrılacaq. ABŞ Prezidenti Donald Tramp onun qərarına hörmət etdiyini bildirərək Livittin bundan sonra da xarici məsləhətçi kimi administrasiya ilə əməkdaşlığını davam etdirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “The Independent” qəzetinin Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası Livittin gedişinə hazırlıqsız yaxalanıb və onun yerinə hazır namizəd yoxdur. Müvəqqəti həll kimi gündəlik mətbuat brifinqlərinin vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent tərəfindən növbəli şəkildə keçirilməsi nəzərdən keçirilir.
Bildirilir ki, Ağ Ev aralıq seçkilərinə üç aydan az müddət qalmış mətbuat kürsüsünü hələlik daimi sözçüyə həvalə etməməyi planlaşdırır. Yeni sözçünün təyin edilib-edilməyəcəyi və ya brifinqlərin kabinet üzvləri tərəfindən davam etdiriləcəyi yaxın günlərdə məlum olacaq.
18:02 16.08.2026
Oxunuş sayı: 56