Hərəkətin təşkilinə mane olan yerlərdə velosiped zolaqları salınmamalıdır - Rəy
Şəhərlərdə velosiped və avtobus zolaqlarının genişləndirilməsi mikromobilliyin inkişafı baxımından mühüm addımlardan biri hesab olunur. Bununla belə, velosiped zolaqlarının hansı ərazilərdə və necə təşkil edilməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Ekspertlər hesab edirlər ki, zolaqların salınması zamanı şəhərin mövcud nəqliyyat infrastrukturu və hərəkət intensivliyi də nəzərə alınmalıdır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə eksperti Aslan Əsədov bildirib ki, avtobus zolaqlarının, velosiped zolaqlarının salınması əslində şəhər mikromobilliyi üçün atılan addımlardır: "Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Velosiped zolaqlarına diqqət yetirsək, onların salınmasında mütləq təkrarlama prinsipini əsas götürmək olmaz. Məsələn, parkın yanında və ya parkın ətrafındakı küçələrdə velosiped zolağını təkrar yerləşdirmək məqsədəuyğun deyil. Amma elə zonalar var ki, orada velosiped zolaqlarının çəkilməsi və hərəkət intensivliyinin artırılması müsbət nəticə verir. Şəxsən biz bunu yüksək dəyərləndirirvə qiymətləndiririk.
Bu gün velosiped zolaqlarının ümumi istifadəsində əsas məqsədlərdən biri də müxtəlif praqmatik həllər çərçivəsində məsələlərə yanaşmaqdır. Yəni bu gün ümumi istifadədə olan yollarla bağlı hər hansı məsələnin həllinə çalışmağı daha labüd və vacib hesab edirik. Bu gün hərəkətin inkişafında və təmin olunmasında ən başlıca məsələlərdən biri hərəkət intensivliyinin qorunmasıdır. Əgər velosiped zolağı hərəkətin təşkilinə mane olursa və yolların təkrarlanmasına səbəb olursa, buna yenidən baxılmalıdır. Üstünlükləri qorumaq və praqmatik həllərin düzgünlüyünü təmin etməyə çalışmaq lazımdır".
Zeynəb Həsən
11:00 11.08.2026
Oxunuş sayı: 50