Azərbaycan yeni logistik mərkəzi rolunda
8 avqust Cənubi Qafqazda diplomatik gündəmin iqtisadi qərarlarla paralel şəkildə formalaşdığı mühüm tarixlərdən biri kimi yadda qaldı. Həmin gün Azərbaycan və Ermənistan liderləri sülh prosesinin gələcək perspektivlərini müzakirə etdilər, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardı. Bununla yanaşı, ABŞ tərəfindən 201 milyon dollar həcmində Transxəzər Sahibkarlıq Fondunun yaradılması elan edildi. Fondun yaradılması yalnız maliyyə dəstəyi kimi deyil, eyni zamanda Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin yeni istiqamətlər üzrə inkişafının göstəricisi kimi qiymətləndirilir. Xüsusilə sahibkarlığın, innovasiyaların və yeni texnologiyaların dəstəklənməsi baxımından bu fond hansı imkanlar yaradır və onun əsas iqtisadi mahiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan və ABŞ arasında münasibətlərin, o cümlədən strateji əlaqələrin dərinləşməsi müşahidə olunur: “Nəzərə alsaq ki, bir tərəfdən biz ABŞ-yə ixracın artmasını müşahidə edirik. Bu ilin ilk beş ayında ABŞ-yə ixrac 38 faiz artıb. Eyni zamanda, Bakı İqtisadi Dialoqu çərçivəsində ABŞ ilə 7,5 milyard dollarlıq anlaşmalar imzalandı. Bu, iqtisadiyyatın fərqli sektorlarına, o cümlədən, təbii ki, süni intellekt və rəqəmsal inkişaf sahələrinə ABŞ-dən daha çox investisiyanın cəlb edilməsinə imkan yaradacaq. Eyni zamanda, təbii ki, cənab Prezidentin ABŞ səfəri və səfərdən sonrakı strateji münasibətlərin dərinləşməsi də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, məhz Vaşinqton anlaşmasının birinci ildönümündə iki ölkənin dövlət rəhbərlərinin telefon əlaqəsində fərqli strateji məsələləri müzakirə etməsi, eyni zamanda ABŞ-ın Trans-Xəzər sahibkarlıq fondlarının yaradıldığını bildirməsi artıq bir daha təsdiq edir ki, rəsmi Vaşinqton Azərbaycana strateji tərəfdaşlarından biri kimi yanaşır və Azərbaycanın geosiyasi, geoiqtisadi mövqeyinə xüsusi önəm verir. Təbii ki, söhbət fond vasitəsilə ayrılacaq vəsaitlərin sahibkarlığın inkişafına yönəldilməsindən gedir”.

Deputat qeyd edib ki, ümumiyyətlə, məqsəd sahibkarlığın inkişafına dəstək vermək, bu istiqamətdə ABŞ-dən daha çox innovasiyanın, o cümlədən avadanlıqların və texnologiyaların cəlbini reallaşdırmaqdan ibarətdir: “Mühüm məqamlardan biri məhz artıq institusional olaraq tərəflər arasında əməkdaşlığın formalaşmasıdır. Bu, sahibkarlığın inkişafı ilə bağlı qarşılıqlı dəstək əməkdaşlığının formalaşmasıdır. Qarşılıqlı dəstək əməkdaşlığının formalaşması və institusionallaşması bir daha onu göstərir ki, iki ölkə arasındakı münasibətlər stratejidir və bu, birmənalı şəkildə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanması anlamına gəlir”.

ReAl Partiyasının sədri Natiq Cəfərli isə açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında imzalanan müqavilə bütün regionun mənzərəsini dəyişdi. Bu Azərbaycanın diplomatik uğurudur. Yeni fondun yaradılması və əlavə olaraq ora vəsait köçürülməsi Trans-Xəzər marşrutunun da Zəngəzur dəhlizi ilə birləşdirilməsindən xəbər verir. Yeri gəlmişkən fonda əlavə olaraq 200 milyon dollar da daxil olacaq və beləliklə ABŞ tərəfindən 400 milyon dollardan çox investisiya olacaq. Mərkəzi Asiya respublikalarından da yüklərin Azərbaycan vasitəsilə Avropaya aparılması yeni logistik mərkəzin yaranmasıdır ki, Azərbaycan da bu logistik mərkəzin düz ortasında yer alır”.
Ayhan
20:50 10.08.2026
Oxunuş sayı: 50