İlin sonuna doğru mənzil qiymətləri ucuzlaşacaq
Daşınmaz əmlak bazarında son dövrlərdə müşahidə olunan dinamika mənzil qiymətlərinin gələcək qiymətləri ilə bağlı suallar yaradır. Belə ki, şəhərin istənilən istiqamətində ev qiymətlərində kəskin artım müşahidə edilir. Əməliyyatların və müraciətlərin sayında azalma, eləcə də tələbin aşağı düşməsi xüsusilə təkrar mənzil bazarında qiymətlərin dəyişməsi ehtimalını artırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, 2022-ci ildən bu yana Azərbaycanın daşınmaz əmlak bazarında ən stabil dövr kimi məhz hazırda yaşadığımız dövrdür. "Müşahidələr göstərir ki, istər mənzil bazarında, istərsə də digər seqmentlərdə ciddi və əhəmiyyətli qiymət artımları müşahidə olunmur. İlin ikinci rübündə ipoteka kreditlərinin verilməsi ilə əlaqədar olaraq ucuz mənzillərin, yəni dəyəri təxminən 250 min manata qədər olan mənzillərin qiymətində müəyyən nisbi artımlar baş verdi. Lakin bu artım qısamüddətli oldu və çox tez dayandı. Hazırda isə bazarda çox ciddi durğunluq müşahidə edirik. Əməliyyatların sayında kəskin azalmalar var, müraciətlərin sayında ciddi geriləmə görünür, tələb xeyli dərəcədə aşağı düşüb. Bu vəziyyət artıq bir sıra istiqamətlərdə, xüsusilə dəyəri təxminən 350-400 min manatdan yuxarı olan mənzillərin qiymətində azalmaya doğru nisbi meyllərlə müşahidə olunur. Əgər proses bu şəkildə davam edərsə, hesab edirəm ki, ilin sonuna doğru bəzi istiqamətlərdə mənzillərin və digər seqmentlərin qiymətində azalmalar da müşahidə edə bilərik".

Ekspert vurğulayıb ki, bu söylənənlər yalnız təkrar bazara aiddir. İlkin bazarda isə fərqli situasiyalar müşahidə olunur: "lkin bazar, bilirsiniz ki, daha çox tikinti şirkətlərinin və investorların nəzarətindədir. Onlar istəmədikcə orada qiymət azalması baş verə bilməz. Amma təkrar bazar üzrə hesab edirəm ki, indiki situasiya davam edərsə, bazara əlavə inzibati təsirlər olmazsa, yeni pul axınları baş verməzsə, dövlət tərəfindən qəbul olunan hər hansı qərarlar nəticəsində dəyişiklik yaranmazsa və yaxud 2022-ci ildə olduğu kimi xarici təsirlər hesabına, məsələn, Rusiyadan və ya Ukraynadan kütləvi axınlar kimi adekvat hadisələr yaşanmazsa, ilin sonuna doğru mənzil qiymətlərində müəyyən azalmalar müşahidə edə bilərik".
Zeynəb Həsən
20:30 10.08.2026
Oxunuş sayı: 42