Bir açıqlama gərginlik yaratdı: Priştinada Ukrayna bayrağı endirildi
Kosovonun özünü müstəqil elan etmiş hakimiyyət orqanları Priştinanın mərkəzində Ukrayna bayrağını endirib. Buna səbəb Kiyevin Kosovonun müstəqilliyini tanımaması olub.
Crossmedia.az xəbər verir ki, bayrağın endirilməsi ilə bağlı görüntüləri Priştina meri Përparim Rama sosial şəbəkə hesabında paylaşıb.
“Kosovoya hörmət edilməyəndə, paytaxt Priştina da eyni şəkildə cavab verir”, – deyə mer bildirib.
Hadisə Serbiya Prezidenti Aleksandar Vuçiçin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən bir gün sonra baş verib. Görüş zamanı Vuçiç Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib və Kiyevin Avropa İttifaqına üzvlük prosesinə dəstək verəcəyini bildirib.
Öz növbəsində Zelenski Ukraynanın Serbiyanın ərazi bütövlüyü məsələsində mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O bildirib ki, Ukrayna Kosovonun müstəqilliyini tanımır.
20:36 09.08.2026
Oxunuş sayı: 41