Netanyahu: HƏMAS tam tərksilah olunmayana qədər Qəzzadan geri çəkilməyəcəyik
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tamamilə tərksilah olunmayana qədər İsrail ordusu Fələstin ərazilərindən geri çəkilməyəcək.
Crossmedia.az xəbər verir ki, Netanyahu bazar günü verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” tərəfindən Qəzza ilə bağlı hazırlanan 15 maddəlik planı qəbul etmədiyini də bildirib.
İsrail hökumətinin başçısı vurğulayıb ki, HƏMAS bütün silahlarını təhvil verməyənədək İsrail ordusu Fələstin ərazisindən “heç bir şəkildə geri çəkilməyəcək”.
Netanyahu həmçinin bəyan edib ki, onun baş nazir olduğu müddətdə Qəzza və ya İordan çayının qərb sahilində Fələstin dövlətinin yaradılmasına imkan verilməyəcək.
O, İranın nüvə silahına sahib olmasına da yol verməyəcəyini bildirib.
“Bizim əziz ölkəmizin, hamımızın ölkəsi olan İsrailin mövcudluğu müzakirə mövzusu deyil”, – Netanyahu deyib.
HƏMAS-ın tərksilah edilməsi ilə bağlı mövqeyini açıqlayan baş nazir bunun yalnız ağır silahların deyil, bütün silahların təhvil verilməsini nəzərdə tutduğunu bildirib.
“Mən ağır silahları, daha az ağır silahları, bütün silahları nəzərdə tuturam. Söhbət real tərksilahdan gedir, saxta tərksilahdan yox”, – deyə Netanyahu vurğulayıb.
ABŞ-İsrail münasibətlərində gərginliklə bağlı artan suallara da toxunan Netanyahu Vaşinqtonla məsələni müzakirə etdiklərini bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfinin bu məsələyə dair müxtəlif təklifləri var və İsrail onların bəzilərini qəbul edir, bəziləri ilə isə razılaşmır.
“Biz bunlara necə qarşı duracağımızı bilirik. Bunu keçmişdə sübut etmişik və bu gün də sübut edirik”, – İsrailin Baş naziri qeyd edib.
16:55 09.08.2026
Oxunuş sayı: 45