Siçovullar şəhəri “ələ keçirdi”: sakinlər küçəyə çıxmağa qorxur
Niderlandın Haaqa şəhərinin bir neçə rayonunda sakinlər bir ildən çoxdur aqressiv davranan siçovulların yaratdığı problemdən əziyyət çəkirlər.
Crossmedia.az xəbər verir ki, "Hart van Nederland" bu barədə məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, gəmiricilər uşaq meydançalarını bürüyüb, insanlar isə küçələrdə gəzməkdən çəkinirlər. Bələdiyyəyə çoxsaylı müraciətlər edilməsinə və müəyyən tədbirlərin görülməsinə baxmayaraq, vəziyyətdə ciddi yaxşılaşma müşahidə olunmur.
Gəmiricilərlə mübarizə üzrə ictimai təşəbbüsün rəhbəri Konni Liqtvoet bildirib ki, şəhərin müxtəlif yerlərindən çoxsaylı şikayətlər daxil olur.
O, yaxın zamanda siçovul dişləməsi nəticəsində bədbəxt hadisənin baş verə biləcəyindən narahat olduğunu deyib. Onun sözlərinə görə, bəzi məhəllələrdə siçovul problemi sakinlərin əsas müzakirə mövzusuna çevrilib və insanlar küçələrdə gəzməyi dayandırıblar.
Haaqa bələdiyyəsi şikayətlərlə bağlı tədbirlər gördüyünü açıqlasa da, fəallar problemin həlli üçün daha ciddi və sistemli addımların atılmasını tələb edirlər. Onların fikrincə, vəziyyət şəhər sakinlərinin təhlükəsizliyi və həyat keyfiyyəti üçün təhdid yaradır.
17:54 07.08.2026
Oxunuş sayı: 47