İtaliya bütün şəhərlərdə qırmızı həyəcan elan etdi
Avropanı bürüyən güclü istilər fonunda İtaliyanın bütün böyük şəhərlərində ən yüksək səviyyəli istilik xəbərdarlığı elan edilib.
Crossmedia.az xəbər verir ki, "NDTV" bu barədə məlumat yayıb.
Məlumata görə, isti hava dalğası Avropanın bir sıra ölkələrində temperaturun 40 dərəcəni keçməsinə səbəb olub. Avstriyada rekord temperatur qeydə alınıb, Fransada meşə yanğınları güclənib, qitənin enerji və nəqliyyat sistemlərində problemlər yaranıb.
İtaliyanın Səhiyyə Nazirliyi ölkə üzrə izlənilən 27 şəhərin hamısında "qırmızı xəbərdarlıq" səviyyəsi tətbiq edib. Bildirilir ki, bu, cari ildə ilk dəfə bütün şəhərlərin eyni vaxtda ən yüksək istilik təhlükəsi səviyyəsinə çatmasıdır.
Hakimiyyət orqanları sakinlərə və turistlərə günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq, mümkün qədər qapalı məkanlarda olmaq və kifayət qədər su qəbul etmək barədə xəbərdarlıq edib.
İsti hava turizm obyektlərinin fəaliyyətinə də təsir göstərib. Roma şəhərində Kolizey və Panteon kimi tarixi məkanların axşam saatlarında da açıq qalması üçün iş rejimi uzadılıb. Kolizeyin girişlərində soyuducu duman sistemləri quraşdırılıb, əlavə tibbi məntəqələr yaradılıb.
Paytaxt Romada sakinlərin istidən qorunması üçün Tibr çayı sahilində pulsuz "şəhər çimərliyi" də istifadəyə verilib. Burada hovuzlar, su fəvvarələri və kölgəli istirahət zonaları yaradılıb.
Mütəxəssislər bildirirlər ki, belə ekstremal hava hadisələri iqlim dəyişiklikləri fonunda daha tez-tez və daha intensiv müşahidə olunur.
Bundan əlavə, Slovakiyada da temperatur rekordu yenilənib. Ölkənin cənubundakı Dolne Plaxtintse bölgəsində havanın temperaturu 42,2 dərəcəyə yüksəlib.
17:42 07.08.2026
Oxunuş sayı: 40