Təmir edərkən yanğın çıxara bilərsiniz - Diqqət
Son günlər ölkənin müxtəlif bölgələrində baş verən yanğın hadisələri təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bir gün ərzində bir neçə fərqli ərazidə qeydə alınan yanğınlar göstərir ki, bu cür hadisələrin qarşısının alınması yalnız fövqəladə xidmətlərin işi deyil, həm də hər bir müəssisənin və vətəndaşın məsuliyyətidir. Mütəxəssislər bildirirlər ki, yanğınların böyük əksəriyyəti sadə təhlükəsizlik qaydalarına əməl edilməməsi, elektrik təsərrüfatındakı nasazlıqlar və diqqətsizlik səbəbindən baş verir. Yanğın təhlükəsizliyi ilə bağlı normativ tələblərə riayət olunması həm insan həyatının, həm də əmlakın qorunması baxımından həyati əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib:
"Yanğın hadisələrindən, fövqəladə hallardan və təbiət hadisələrindən heç kəs sığortalanmayıb. Ancaq yanğın təhlükəsizliyi haqqında qaydalara, təlimatlara və bu sahəyə dair normativ standartlara riayət etməklə baş verə biləcək yanğınların müəyyən qədər qarşısını almaq, yaxud yanğın baş verdikdən sonra onu vaxt itirmədən söndürmək, insanların təhlükəsiz təxliyəsini təmin etmək mümkündür. Bu baxımdan yanğın təhlükəsizliyi qaydalarına əməl olunması son dərəcə vacibdir. Yanğın təhlükəsizliyi haqqında qanunda da göstərildiyi kimi, bütün təyinatlı obyektlər bu sahədə müəyyən edilmiş qaydalara, təlimatlara və normativ standartlara ciddi əməl etməlidir. Obyektlərdə təyinatına uyğun olaraq ilkin odsöndürmə vasitələri, yanğın xəbərverici siqnalizasiya sistemləri, yanğın dolabları, yanğın şitləri, yanğın hidrantları, təhlükəsiz təxliyə yolları, ehtiyat su çənləri və digər yanğın təhlükəsizliyi vasitələri normativ tələblərə uyğun qurulmalı, işlək və saz vəziyyətdə saxlanılmalıdır. Bu avadanlıqlara texniki xidmət yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir”.
Ekspertin fikrincə, obyektdə çalışan işçilərin də yanğın baş verdiyi zaman necə davranmalı olduqları barədə ilkin bilikləri olmalıdır: "Onlar odsöndürmə vasitələrindən istifadə qaydalarını bilməli, yanğın təhlükəsizliyi tələblərinə əməl etməlidirlər ki, yanğın hadisəsinin başvermə ehtimalı minimuma ensin. Açıq oddan istifadə zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Həmçinin qaynaq, drel və qığılcım yarada biləcək digər təmir işləri aparılarkən ətrafdakı tez alışan və tez alovlanan maddələr təhlükəsiz məsafəyə uzaqlaşdırılmalı, təhlükəsiz zona yaradıldıqdan sonra işə başlanılmalıdır. Bu, qığılcımdan yaranacaq yanğınların qarşısının alınması üçün vacib şərtdir. Burada məqsəd həm yanğının baş verməsinin qarşısını almaq, həm də baş verdiyi halda onun operativ şəkildə söndürülməsini təmin etməkdir. Bütün təyinatlı obyektlər bununla bağlı tədbirlər planına ciddi riayət etməlidirlər ki, nə əmlaka ziyan dəysin, nə də insanların həyat və sağlamlığı risk altına düşsün. Ümumiyyətlə, yanğınların böyük hissəsi elektrik təsərrüfatında baş verən nasazlıqlarla əlaqədardır. Buna görə də elektrik təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı, ona kənar müdaxilələr edilməməlidir. Elektrik naqilləri və kabellərinin müqaviməti mütəmadi yoxlanılmalı, bu işlər ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir. Elektrik sistemində nasazlıq yaranarsa, bu barədə vaxtında məlumat əldə olunmalı və problem dərhal aradan qaldırılmalıdır. Çünki normadan artıq yüklənmiş, zədələnmiş elektrik naqilləri və kabelləri qızmaya, qısaqapanmaya, qığılcıma və nəticədə yanğına səbəb ola bilər. Ümumiyyətlə, yanğınların müxtəlif növləri var. Bərk materialların, maye maddələrin, qaz halında olan maddələrin, partlayış təhlükəli maddələrin və elektrik təsərrüfatında baş verən yanğınlar fərqli yanaşma tələb edir. Buna görə də bütün obyektlərdə yanğının növündən asılı olmayaraq normativ standartlara uyğun qabaqlayıcı tədbirlər görülməlidir. İstər yanğın, istərsə də digər fövqəladə hadisələrdən heç kim yüz faiz sığortalanmayıb. Ancaq yanğın təhlükəsizliyi haqqında qaydalara ciddi əməl olunması mümkün riskləri minimuma endirən ən vacib amildir".
Zeynəb Həsən
19:00 07.08.2026
Oxunuş sayı: 57