Ceyhun Bayramov Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar barədə məlumatlandırıb - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.
Crossmedia.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.
Ceyhun Bayramov Prezident Volodimir Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.
Nazir, həmçinin Prezident Volodimir Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.
20:31
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında bildirib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi məktəbi, xəstəxananı və reabilitasiya mərkəzini ziyarət etdiyi İrpendən başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm", - o yazıb.
Zelenski Bayramovu Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini bloklaması barədə məlumat verdiyini bildirib.
Tərəflər yüksək səviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
"Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - Zelenski deyib.
20:56 06.08.2026
Oxunuş sayı: 68