Rubinyan Matviyenkoya ixrac məhdudiyyətlərindən narahatlığını çatdırıb
Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlərin cari mərhələsinə də toxunulub. Rubinyan bildirib ki, Ermənistan məhsullarının Rusiya bazarına ixracına tətbiq edilən əsassız məhdudiyyətlər narahatlıq doğurur. O, problemin iki ölkə arasında mövcud müqavilə-hüquqi baza və Avrasiya İqtisadi İttifaqının qaydaları çərçivəsində həllinin vacibliyini qeyd edib.
Telefon danışığında Ermənistan-Avropa İttifaqı (Aİ) münasibətləri də müzakirə olunub. Rubinyan vurğulayıb ki, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi yalnız ölkənin Aİ-yə rəsmi müraciət etməsindən və prosesin praktik mərhələyə keçməsindən sonra mümkün ola bilər.
Sonda tərəflər parlamentlərarası əməkdaşlığın inkişafı və ikitərəfli gündəlikdəki məsələlər üzrə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə açıq dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
18:39 06.08.2026
Oxunuş sayı: 53