Diaspor gəncləri üçün unudulmaz Şuşa və Xankəndi səfəri
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları Şuşa və Xankəndi şəhərlərinə səfər edib.
Crossmedia.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn gənclər əvvəlcə Şuşa şəhərində olub. Şuşanın rəmzlərindən olan Cıdır düzünə qalxaraq, buradan açılan möhtəşəm mənzərəni seyr ediblər. Gənclər daha sonra Yuxarı Gövhər Ağa məscidini, erməni işğalı dövründə vandalizmə məruz qalan güllələnmiş heykəlləri, Şuşa qalasının tarixi Gəncə qapısını, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Ev Muzeyini və Xan qızı bulağını ziyarət ediblər. Diaspor gənclərinə Şuşanın zəngin tarixi, şəhərin mədəni irsi və işğal dövründə Azərbaycan abidələrinə qarşı törədilən vandalizm faktları barədə geniş məlumat verilib. Şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri böyük maraq və heyranlıqla qarşılanıb.
Daha sonra gənclər Xankəndi şəhərinə yola düşüblər. Onlar Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Zəfər parkını ziyarət edib, şəhərin tarixi, mövcud vəziyyəti, sosial və mədəni həyatı, eləcə də bölgədə gedən bərpa və quruculuq işləri barədə bilgiləndiriliblər.
Gənclər, həmçinin Qarabağ Universitetində də olublar. Universitetin prorektoru Rüstəm İsgəndərli ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti işğaldan azad edilən ərazilərdə elm və təhsilin inkişafına, regionun intellektual potensialının gücləndirilməsinə mühüm töhfə verməyi hədəfləyir.
Şuşa və Xankəndi səfəri düşərgə iştirakçıları üçün unudulmaz təəssüratlarla yadda qalıb.
Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin Vll Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şərqi Zəngəzurda keçirilir. Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
17:57 06.08.2026
Oxunuş sayı: 53