İnformasiya cəbhəsində yeni çağırış: Xaricdəki soydaşlarımız daha fəal olmalıdır
Xaricdə yaşayan və xarici dövlətlərin xüsusi xidmət orqanlarının əlaltısına çevrilən “azərbaycanlılar” dövlət başçısı və onun ailə üzvlərini hədəfə alırlar. Son aylarda isə bu şəxslər dövlətin yüksək rütbəli məmurlarına qarşı qərəzli fikirlər səsləndirirlər və bunu kompaniyaya çeviriblər. Bunu xüsusilə Prezident İlham Əliyevin Almaniyaya dövlət səfəri zamanı gördük. Səfər çərçivəsində diplomatik korpus tərkibində Almaniyaya gedən prezidentin köməkçisi Hikmət Hacıyev “söyüş” müxalifətinin nümayəndəsi Tural Sadıqlını bir neçə dəqiqəyə biabır etdi. Bundan bir neçə gün sonra isə başqa bir “bloqer” prezidentin köməkçisi Hikmət Hacıyevlə xarici işlər naziri Ceyhun Bayramova yaxınlaşıb həyasızcasına əsassız ittihamlar irəli sürdü. Belə ki, həmin şəxs də əlində heç bir fakt olmadan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən məhbuslara işgəncə verilməsi ilə bağlı ittihamlar irəli sürdü. Bütün bu həyasızlıqların qarşısında Azərbaycan dövlət məmurları öz ləyaqətlərini qoruyaraq səsləndirilən ittihamlara tutarlı və əsaslandırılmış cavablar verdilər. Bu da “müxalifətçi”lərin əsl iç üzünü açdı və məqsədlərinin sadəcə ortalığı qarışdırmaq olduğu açıq-aşkar göründü. Bütün bunların baş verməsi xarici xüsusi xidmət orqanlarını narahat edir və onların əlaltısı oln azərbaycanlılar bu cür addımlar atırlar. Çünki Azərbaycanın nüfuzu getdikcə artır və dünya miqyasında öz sözünü deyən, müstəqil daxili və xarici siyasət yürüdən dövlət statusundadır. Bunu həzm edə bilməyən dövlətlər bu cür addımlar ataraq ərazi bütövlüyümüzə qarşı çıxa biləcəklərini düşünürlər. Lakin bir məsələni də diqqətə almaq lazımdır ki, bu gün Azərbaycan dünyada çox böyük işlər görür, Qarabağda böyük tikinti işləri aparır. Və demək olar, Azərbaycanın dünyanın bir çox ölkələrində yaşayan vətəndaşları var. Həmçinin vətəndaşların yaşadığı ölkələrdə diaspora təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlar həmin ölkələrdəki fəaliyyətləri, maarifçilik tədbirləri ilə dövlətimizin uğurlarını həm bizim sakinlərə, həm də xarici vətəndaşlara aydın şəkildə çatdırırlar. Lakin bu fəaliyyətlə yanaşı xaricdə yaşayan soydaşlarımız Azərbaycan Prezidenti İlham Əliyev və onun ailəsinə qarşı təhqir və söyüş dəstəsinin cavabını verməlidir ki, bu da milli təhlükəsizlik məsələsidir. Bu mənada Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimində jurnalistlərə açıqlamasında qeyd edib ki, xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar. Bu çox doğru və yerində işlədilmiş ifadədir ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları, azərbaycanlılar bu cür təxribatlara qarşı ayıq olmalı və bu tip təxribatların qarşısının alınmasında dövlətə kömək etməli, vahid mövqedən çıxış etməlidirlər.
Mövzu ilə bağlı millət vəkilləri Crossmedia.az-a açıqlama verib:
Milli Məclisin deputatı Hikmət Babaoğlu təəssüf hissi ilə qeyd edib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar yaşadıqları ölkələrin müəyyən qurumları tərəfindən bir növ yönləndirilirlər: “Onların düşüncələri istismar edilir, baxışları Azərbaycana qarşı dəyişdirilir və nəticədə müxtəlif anti-Azərbaycan qüvvələrinin əlində alətə çevrilirlər. Bəzən bu proses məhz belə baş verir. Bəzən isə bəzi azərbaycanlılar könüllü şəkildə bu yola gedirlər. Yəni xaricdə rahat həyat və müəyyən rifah müqabilində öz mövqelərini dəyişir, maddi təminat naminə özlərini xarici xüsusi xidmət orqanlarının və ya müxtəlif dairələrin təsiri altına verirlər. Nəticədə Azərbaycana qarşı mövqe nümayiş etdirirlər. Bu, əlbəttə ki, yolverilməzdir. Belə şəxslər güclü erməni lobbisi və ya islamofob mərkəzlər üçün sanki göydəndüşmə fürsətə çevrilirlər. Çünki onların vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Azərbaycan məmurlarını, dövlətə xidmət edən şəxsləri xaricdə gözdən salmağa cəhd göstərirlər”.

Deputat qeyd edib ki, amma biz bunun əksinə yaxşı bir nümunə də gördük: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk dəfə bu cür insanlarla dialoq qurdu. Onlarla birbaşa ünsiyyət yaradaraq izah etdi ki, bu cür qarşıdurma nə ümumi rifahımıza, nə də milli məqsədlərimizə xidmət edir. Daha sonra oxşar yanaşmanı Prezidentin köməkçisi Hikmət Hacıyev də nümayiş etdirdi. Ancaq mənə elə gəlir ki, bu cür şəxslərlə ünsiyyət bəzən onlar üçün bir növ mükafata çevrilir. Onlar sonradan bununla fəxr edir, “Mən Hikmət Hacıyevlə ünsiyyətdə olmuşam” deyərək özlərini daha əhəmiyyətli şəxs kimi təqdim etməyə çalışırlar. Ona görə də hesab edirəm ki, ilk növbədə xaricdə yaşayan vətəndaşlarımız arasında bu cür şəxslərə qarşı ictimai qınaq formalaşdırılmalıdır. Eyni zamanda bu kontekstdə belə şəxslərə qarşı diaspor təşkilatlarını daha fəal şəkildə səfərbər olunmalıdır. Diasporumuzun birliyini qorumağı bacarmalıdır. Bu, çox vacib məsələdir. Əsas mahiyyət isə bizim milli birliyimizi pozmaqdır. Çünki bütün dünya gördü ki, Azərbaycan xalqı bir olanda, vahid yumruğa çevriləndə onun gücü “dəmir yumruq”a çevrilir və düşmənin başına enir. Buna görə də daim çalışırlar ki, cəmiyyətimizə parçalanma yaradan şəxsləri önə çəkməklə milli birliyimizi zəiflətsinlər. Bu gün Azərbaycanın daxilində milli birlik və həmrəylik ən yüksək səviyyədədir. Biz bu ruhu xaricdə yaşayan soydaşlarımıza da ötürməyi bacarmalıyıq. Şübhəsiz ki, onların mütləq əksəriyyəti Azərbaycanla, xalqımızla və dövlətimizlə birdir. Biz tarixi Zəfərimizdən sonra xaricdə yaşayan azərbaycanlıların necə yüksək səviyyədə təşkilatlandıqlarını, Azərbaycana necə böyük dəstək verdiklərini gördük. İstər Amerikada, istərsə də Avropada yaşayan soydaşlarımız bunun bariz nümunəsini nümayiş etdirdilər. Amma təəssüf ki, onların arasında ayrı-ayrı neqativ nümunələr də var və bu cür hallara qarşı mübarizə aparmaq lazımdır”.
H.Babaoğlu fürsətdən istifadə edərək bir təklif də səsləndirib: “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Dünya Azərbaycanlılarının Qurultayı çox mühüm platformadır. Biz tarixi Zəfərimizdən sonra Dünya Azərbaycanlıları ilə bir görüş keçirdik. Hesab edirəm ki, qarşıdakı mərhələdə Dünya Azərbaycanlılarının növbəti qurultayının Şuşada və ya Xankəndidə keçirilməsi ümumi işimizin, milli həmrəyliyimizin və diaspor fəaliyyətimizin daha da güclənməsinə mühüm töhfə verə bilər”.

Milli Məclisin deputatı Aydın Hüseynov isə açıqlamasında qeyd edib ki, son aylarda Prezident İlham Əliyevin xarici səfərləri zamanı sosial media platformalarında müxtəlif paylaşımlar və canlı yayımlar geniş müzakirə olunur: “Belə hallarda dövlət nümayəndələrinə qarşı sərt tənqidlər, təhqiramiz ifadələr və müxtəlif ittihamlar səsləndirilir. Rəsmi şəxslər bir sıra hallarda bu iddialara yerində cavab verirlər. Ancaq bugünkü şəraitdə hadisə baş verdikdən sonra reaksiya vermək hər zaman yetərli olmur. Müasir dövrdə informasiya məkanı siyasi və diplomatik münasibətlər qədər önəm daşıyır. İnformasiya boşluğu yarananda müxtəlif iddialar daha sürətlə yayılır və ictimai rəyə təsir göstərir. Ona görə də xaricdə yaşayan azərbaycanlıların, xüsusilə diaspor təşkilatlarının və fəal soydaşlarımızın daha çevik və koordinasiyalı şəkildə hərəkət etməsi vacibdir. Xaricdə yaşayan soydaşlarımız emosional mübahisələrlə deyil, əsaslandırılmış arqumentlər, maarifləndirici təşəbbüslər və ictimai diplomatiya vasitəsilə nail olmaq mümkündür. Xarici media, ekspert dairələri və ictimai institutlarla davamlı əlaqələrin qurulması da bu işin ayrılmaz hissəsidir”.
Deputat əlavə edib ki, sosial mediada operativ mövqe nümayiş etdirmək də diqqətdə saxlanılmalıdır: “Yanlış və ya təsdiqlənməmiş məlumatlar yayıldıqda, onlara faktlara söykənən və əsaslandırılmış cavabların verilməsi daha səmərəli nəticə verir. Belə yanaşma Azərbaycanın mövqeyinin daha aydın başa düşülməsinə və beynəlxalq auditoriyada obyektiv fikir formalaşmasına imkan yaradır. Müsbət gündəmin formalaşdırılması uzunmüddətli perspektivdə daha dayanıqlı nəticələr verir. Bugünkü reallıq göstərir ki, informasiya məkanında uğur yalnız rəsmi qurumların fəaliyyəti ilə ölçülmür. Xaricdə yaşayan hər bir fəal azərbaycanlı, xüsusilə diaspor nümayəndələri ölkənin səsinin eşidilməsində və həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasında öz fəaliyyətlərini artırmalıdır”.
Ayhan
10:30 06.08.2026
Oxunuş sayı: 60