ATƏT sədrini Bakıya gətirən səbəblər açıqlandı
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassisin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Səfər zamanı o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşərək ikitərəfli əməkdaşlıq, eləcə də Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional proseslər ətrafında fikir mübadiləsi aparıb. Görüş regionda diplomatik dialoqun davam etdirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli qiymətləndirilir.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-a açıqlamasında bildirib ki, ATƏT-in fəaliyyəti çərçivəsində təşkilatın sədrlik sistemi növbəlilik prinsipi əsasında formalaşır və bu baxımdan hazırkı səfər planlaşdırılmış prosesin tərkib hissəsidir.

Ekspertin sözlərinə görə, ATƏT-də "Troyka" mexanizmi fəaliyyət göstərir:
"ATƏT-də "Troyka" sistemi mövcuddur. Bu mexanizm keçmiş sədr, hazırkı icraçı sədr və növbəti il sədrlik edəcək ölkədən ibarətdir. Dövlətlər təşkilata növbə əsasında sədrlik etdikləri üçün hazırda İsveçrənin növbəsi çatıb və məhz buna görə də ATƏT-in icraçı sədri Azərbaycana səfər edib".
T.Zülfüqarov qeyd edib ki, regionda yaranmış yeni reallıqlar fonunda ATƏT-in Azərbaycan üçün əvvəlki rolu dəyişib:
"Uzun illər ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində vasitəçi rolunda çıxış edirdi. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyindən təşkilatın bu istiqamətdəki əhəmiyyəti əvvəlki dövrlə müqayisədə nisbətən azalıb".
Müsahibimizin fikrincə, buna baxmayaraq, Azərbaycanın ATƏT çərçivəsində əməkdaşlığı davam edir:
"Azərbaycanın ATƏT-də fəaliyyəti davam edir. Bu baxımdan icraçı sədrin Bakıya səfəri və keçirilən görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından əhəmiyyət daşıyır".
Ekspert vurğulayıb ki, belə səfərlər zamanı yalnız təşkilat çərçivəsindəki məsələlər deyil, ikitərəfli münasibətlər də müzakirə olunur:
"İsveçrənin xarici işlər naziri ATƏT-i təmsil etsə də, bu cür səfərlərdə adətən ikitərəfli münasibətlər də müzakirə edilir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə görüşlərdə bu mövzular ətrafında da fikir mübadiləsi aparılıb".
Nigar Xəlilli
18:00 05.08.2026
Oxunuş sayı: 48