"SpaceX" raketinin qalıqları Aya çırpılacaq: Toqquşmanı Yerdən görmək mümkün olacaq?
ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketinin istifadə olunmuş yuxarı pilləsi yaxın saatlarda Ay səthinə çırpılacaq.
Crossmedia.az xəbər verir ki, "Mirror" bu barədə məlumat yayıb.
Alimlərin proqnozuna görə, toqquşma Kiyev vaxtı ilə saat 09:35 radələrində Ayın Eynşteyn kraterinin qərb hissəsində baş verəcək. Təxminən 12 metr uzunluğunda və 4,1 ton ağırlığında olan raket pilləsi saatda 8,7 min kilometr sürətlə Ay səthinə dəyəcək.
Mütəxəssislərin sözlərinə görə, toqquşma nəticəsində yeni krater yaranacaq, böyük həcmdə toz və qaya parçaları ətrafa səpələnəcək.
Astronomlar bildirirlər ki, hadisəni adi gözlə müşahidə etmək mümkün olmayacaq. Lakin güclü teleskoplara malik müşahidəçilər bir saniyədən də az davam edəcək qısa işıq parıltısını qeydə ala bilərlər.
Traektoriyanı ilk müəyyən edən astronom Bill Qrey bildirib ki, həm işıq parıltısını, həm də kraterdən atılan qaya parçalarını görmək ehtimalı var.
Kembric Universitetinin astronomu Mett Botvell də müasir teleskopların Ay səthindən əks olunan işıq parıltısını qeydə ala biləcəyini bildirib.
Alimlərin fikrincə, ən çox müşahidə olunma ehtimalı olan hadisə isə toqquşmadan sonra bir neçə kilometr yüksəklikdə əmələ gələcək və onlarla dəqiqə görünə biləcək toz bulududur.
10:47 05.08.2026
Oxunuş sayı: 56