ABŞ Rusiyanın hərbi strukturlarına yeni sanksiyalar tətbiq edib
ABŞ Rusiya Silahlı Qüvvələrinin bir sıra hərbi strukturlarına və onlarla əlaqəli şəxslərə qarşı kütləvi qırğın silahlarının yayılmaması qanununun pozulması səbəbilə yeni sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, sanksiyalar iyulun 24-dən qüvvəyə minsə də, bu barədə ictimaiyyətə yalnız avqustun 4-də məlumat verilib. Məhdudiyyətlər İran, Suriya və Şimali Koreya ilə bağlı Kütləvi Qırğın Silahlarının Yayılmaması Aktı (INKSNA) çərçivəsində tətbiq olunub.
Yeni sanksiyalar Rusiya Quru Qoşunları, Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsi, Perspektivlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi, həmçinin 1061 saylı Maddi-Texniki Təminat Mərkəzini əhatə edir. Eyni zamanda, "Gideon Alpha" və "International Invest Company" MMC, onların hüquqi varisləri, struktur bölmələri və törəmə şirkətləri də məhdudiyyətlərə məruz qalıb.
Sanksiya siyahısına Rusiya vətəndaşları Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik, Aleksandr Prixodko və Sergey Tsıbarev, eləcə də Malayziya, Şimali Koreya, Tayvan, Suriya və İran vətəndaşları daxil edilib.
ABŞ Dövlət Departamenti bildirib ki, bundan sonra federal qurumlar və dövlət agentlikləri sanksiya tətbiq olunan şəxslər və təşkilatlardan mal, texnologiya və xidmət ala, onlarla müqavilə bağlaya və ya hər hansı formada əməkdaşlıq edə bilməyəcək. Həmçinin onlara hərbi təyinatlı məhsulların satışı, ixrac lisenziyalarının verilməsi və digər dövlət dəstəyi qadağan olunub.
Qeyd edək ki, INKSNA qanunu ABŞ-a İran, Suriya və ya Şimali Koreyanın kütləvi qırğın silahları və raket proqramlarına töhfə verə biləcək məhsul, xidmət və texnologiyaların tədarükündə iştirak edən xarici şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
15:38 04.08.2026
Oxunuş sayı: 36