Dollar ucuzlaşır?
Valyuta bazarında baş verən dəyişikliklər həm maliyyə sektorunun iştirakçıları, həm də vətəndaşlar tərəfindən diqqətlə izlənilir. Xüsusilə əsas xarici valyutaların məzənnəsindəki gündəlik dəyişikliklər idxal, ixrac, bank əməliyyatları və valyuta bazarındakı gözləntilərə birbaşa təsir göstərir. Azərbaycan Mərkəzi Bankı hər gün rəsmi valyuta məzənnələrini açıqlayaraq bazar iştirakçılarını aktual məlumatlarla təmin edir. Bu gün açıqlanan məzənnələrdə ABŞ dollarının sabit qaldığı, avro və Rusiya rublunun isə bahalaşdığı müşahidə olunur.

İqtisadçı Fuad İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda manatın ABŞ dollarına qarşı məzənnəsi uzun illərdir sabit qalsa da, digər xarici valyutalara münasibətdə üzən məzənnə mexanizmi tətbiq olunur.
Ekspertin sözlərinə görə, manatın avro, Rusiya rublu, türk lirəsi və digər valyutalara qarşı məzənnəsi dolların dünya bazarındakı hərəkətlərindən birbaşa asılıdır:
"Dollar dünya valyutalarına qarşı möhkəmlənəndə və ya ucuzlaşanda Azərbaycan manatı da həmin valyutalara münasibətdə eyni tendensiyanı təkrarlayır. Bunun səbəbi manatın dollara qarşı sabit məzənnədə saxlanılmasıdır".
Fuad İbrahimov qeyd edib ki, son günlər dolların avroya qarşı məzənnəsində müşahidə olunan dəyişikliklər bazar üçün ciddi risk yaratmır:
"Son iki-üç gündə dolların avroya qarşı müəyyən qədər möhkəmlənməsi baş verib. Bu isə bazarda adi dalğalanmadır və belə dəyişikliklərin idxal məhsullarının qiymətlərinə ciddi təsiri olmur".
İqtisadçı hesab edir ki, hazırkı məzənnə dəyişiklikləri Azərbaycanın idxal və ixrac balansına da əhəmiyyətli təsir göstərmir:
"Hazırda nə dolların digər valyutalara qarşı kəskin möhkəmlənməsi, nə də ucuzlaşması müşahidə edilir. Məzənnə müəyyən dəhliz daxilində dəyişdiyi üçün idxalda və ixracda narahatlıq yaradacaq vəziyyət yoxdur".
Ekspert vurğulayıb ki, yalnız iri həcmli və uzunmüddətli valyuta dəyişiklikləri qiymətlərə təsir göstərə bilər:
"Əgər dollar avroya qarşı kəskin, məsələn, 20-25 faiz ucuzlaşarsa, o zaman Avropadan idxal olunan məhsulların qiymətlərində təxminən 20 faizə qədər bahalaşma müşahidə oluna bilər. Lakin hazırkı 1 faiz civarında dəyişikliklər bazarda ciddi qiymət artımı yaratmır".
Nigar Xəlilli
17:00 04.08.2026
Oxunuş sayı: 50