ABŞ Rusiyanın hərbi strukturlarına yeni sanksiyalar tətbiq edib
ABŞ Rusiya Silahlı Qüvvələrinin bir sıra hərbi strukturlarına və onlarla əlaqəli şəxslərə qarşı kütləvi qırğın silahlarının yayılmaması qanununun pozulması səbəbilə yeni sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, sanksiyalar iyulun 24-dən qüvvəyə minsə də, bu barədə ictimaiyyətə yalnız avqustun 4-də məlumat verilib. Məhdudiyyətlər İran, Suriya və Şimali Koreya ilə bağlı Kütləvi Qırğın Silahlarının Yayılmaması Aktı (INKSNA) çərçivəsində tətbiq olunub.
Sanksiya siyahısına aşağıdakı Rusiya hərbi qurumları daxil edilib:
- Rusiya Quru Qoşunları;
- Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsi;
- Müdafiə Nazirliyinin Perspektivlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi;
- 1061 saylı Maddi-Texniki Təminat Mərkəzi.
Bundan başqa, “Gideon Alpha” və “International Invest Company” MMC, eləcə də onların hüquqi varisləri, struktur bölmələri və törəmə şirkətləri də sanksiyalara məruz qalıb.
Fiziki şəxslər arasında isə Rusiya vətəndaşları Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik, Aleksandr Prixodko və Sergey Tsıbarev, həmçinin Malayziya, Şimali Koreya, Tayvan, Suriya və İran vətəndaşları sanksiya siyahısına salınıb.
ABŞ Dövlət Departamenti bildirib ki, bundan sonra federal qurumlar və dövlət agentlikləri sanksiya tətbiq olunan şəxslər və təşkilatlardan mal, texnologiya və xidmət ala, onlarla müqavilə bağlaya və ya hər hansı formada əməkdaşlıq edə bilməyəcək. Həmçinin onlara hərbi təyinatlı məhsulların satışı və ixrac lisenziyalarının verilməsi qadağan olunub.
Qeyd edək ki, INKSNA qanunu ABŞ-a İran, Suriya və ya Şimali Koreyanın kütləvi qırğın silahları və raket proqramlarına töhfə verə biləcək məhsul, xidmət və texnologiyaların tədarükündə iştirak edən xarici şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
15:21 04.08.2026
Oxunuş sayı: 57