Bu insanlar istidən ölə bilər
İspaniyada anomal istilər səbəbindən son üç ay ərzində 3 084 nəfərin həyatını itirməsi Avropada iqlim dəyişikliyinin yaratdığı riskləri yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, qitədə müşahidə olunan rekord temperatur təkcə mövsümi hava şəraiti ilə bağlı deyil, həm də qlobal iqlim dəyişikliklərinin nəticəsidir. Xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isti hava dalğalarının təsirinə daha həssas hesab olunur. Ekspertlərin fikrincə, istixana qazlarının artması, yanacaq istehlakının yüksəlməsi və atmosferdə baş verən dəyişikliklər ekstremal hava hadisələrinin intensivliyini artırır. Eyni zamanda Afrikadan Avropaya hərəkət edən isti hava kütlələri və atmosferdə formalaşan yüksək təzyiq sistemi temperaturun uzun müddət yüksək qalmasına səbəb olur. Mütəxəssislər hesab edirlər ki, qlobal istiləşmənin təsirləri yaxın illərdə daha da güclənə bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, İspaniyada yaranan isti hava kütlələrinin əsas səbəbi ölkənin Avropanın cənubunda yerləşməsi və Cəbəllütariq boğazı vasitəsilə Afrikadan ayrılmasıdır: "Onların arasında çox yaxın məsafə var. Afrikanın Sahara səhrasında formalaşan həddindən artıq isti və quru hava kütlələri İspaniyaya doğru hərəkət edib. İspaniyada isə atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq həmin isti hava kütlələrini saxlayaraq istilik günbəzi yaradıb və temperaturun 44–47 dərəcəyə qədər yüksəlməsinə səbəb olub. Yəni İspaniyada yaranan bu anomal istilərin əsas səbəblərindən biri məhz Sahara səhrasından gələn isti hava kütlələridir. Başqa bir səbəb isə iqlimdə baş verən kəskin dəyişikliklərdir. Bildiyimiz kimi, soyuq və yağışlı havadan sonra Avropa məkanına birbaşa quru hava kütlələri daxil olub. Atmosferin yuxarı qatında yaranan yüksək təzyiq həmin isti hava kütlələrini günbəz kimi saxlayaraq uzun müddətdir Avropa üzərində qalmasına səbəb olur. Bu proses İspaniya üzərində daha güclü müşahidə olunur və temperaturun daha yüksək olmasına gətirib çıxarır. İspaniyada formalaşan isti hava kütlələri daha sonra Avropaya doğru hərəkət edir və yaranan istilik günbəzi hesabına uzun müddət təsirini saxlayır. Hazırda İspaniyada və Avropanın bir çox ölkəsində havaların həddindən artıq isti keçməsinin əsas səbəbləri bunlardır".

Ekoloq qeyd edib ki, burada ən başlıca səbəb iqlimdə baş verən dəyişikliklərdir: "İspaniya Meteorologiya İnstitutunun, eləcə də Avropanın digər elmi-tədqiqat institutlarının və Kopernik İnstitutunun açıqlamalarına görə, iqlimdə baş verən dəyişikliklər, yanacaq istehlakının artması və istixana effekti yaradan qazların çoxalması havaların quraq və isti keçməsinin əsas səbəblərindəndir. Bütün bunlar bu il Avropada həddindən artıq isti hava şəraitinin yaranmasına səbəb olub. Eyni zamanda Sakit okeanda müşahidə olunan La Nina və El Nino prosesləri də isti hava şəraitinin uzun müddət davam etməsinin səbəblərindən biridir. İsti hava kütlələrinin insan sağlamlığına çox ciddi təsiri var. Xüsusilə həssas insanlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər bu hava şəraitindən daha çox zərər görə bilərlər. Onların günəş altında uzun müddət qalması məsləhət deyil. Belə insanlar özlərini qorumalı, mümkün qədər sərin məkanlarda olmalıdırlar. Bu cür hava şəraitinin qarşısını almaq insan gücü xaricindədir. İnsanların təsir göstərə biləcəyi əsas məsələ antropogen təsirlərin azaldılmasıdır. Hazırda yanacaq istehlakı xeyli artıb. Məsələn, 10 il əvvəl dünyada gündə 85 milyon barel neft istifadə olunurdusa, hazırda bu rəqəm 105 milyon barelə çatıb və artmaqda davam edir. Bu isə istixana qazlarının artmasına səbəb olur. Əhali artır, texnologiya və sənaye inkişaf edir. Nəticədə isə bütün bunlar qlobal iqlim dəyişikliklərinə gətirib çıxarır. Həmin isti hava kütlələri Afrikanın Sahara səhrasından Pireney yarımadasına, yəni İspaniyaya doğru istiqamət alıb. Məhz həmin hava kütlələri burada istilik günbəzinin və istixana effektinin yaranmasına səbəb olur".
Zeynəb Həsən
15:00 04.08.2026
Oxunuş sayı: 51